
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və xarici siyasət sahəsində fəallığının nəticəsi olaraq ölkəmiz xaricdəki diplomatik nümayəndəliklərinin sayını ildən-ilə artırır. Bəs hazırda Azərbaycanın neçə ölkədə səfirliyi fəaliyyət göstərir?
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhəri) və Oman Sultanlığındakı (Maskat şəhəri) diplomatik missiyaları fəaliyyətə başlayıb.
“Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb. Hazırda ölkəmiz xaricdə 69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi ilə təmsil olunur”, – deyə A.Hacızadə qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az

