
Bakı. Trend:
Baltik dənizində Almaniya hərbçilərinin rəhbərliyi ilə
“Quadriga” adlı beynəlxalq hərbi təlimlər keçirilir.
Trend xəbər verir
ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata əsasən, təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa və
Kanada da daxil olmaqla, NATO-nun 14 ölkəsindən 8 mindən çox hərbi
qulluqçu iştirak edir. Bundesverin rəhbərliyi altında 40 gəmi, 20
təyyarə və 1 800-dən çox texnika prosesə cəlb olunub.
Sentyabrın 4-də keçirilən mərhələdə Almaniyanın Rostok
limanından Litvanın Klaypedasına bərə ilə hərbi texnikanın
daşınması məşq edilib. Texnika korvet, minaaxtaran gəmilər,
helikopterlər və polis qüvvələrinin müşayiəti ilə təyinat
məntəqəsinə aparılıb. Əməliyyatı Almaniya komandanlığı və digər
ölkələrdən olan zabitlər izləyiblər.
Təlimlər zamanı hərbçilər pilotsuz uçuş aparatlarını və
ekipajsız qayıqları zərərsizləşdirmə üzrə məşqlər də keçiriblər.
Manevr zonasında “Eurofighter Typhoon” qırıcıları da müşahidə
olunub.
“Quadriga” təlimlərinin dəqiq bitmə tarixi açıqlanmayıb, lakin
onların bir neçə həftə davam edəcəyi bildirilir.