
Bakı. Trend:
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə
Respublikasının Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq
Memorandumu imzalanıb.
Trend xəbər verir
ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın
gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata
keçirilməsidir. Memorandumu Gürcüstanın təhsil naziri Qivi
Mikanadze və Türkiyənin nazir Osman Aşkın Bakin imzalayıblar.
Qivi Mikanadze bildirib ki, yeni əməkdaşlıq strukturlaşdırılmış
dialoq, birgə təşəbbüslər və strateji planlaşdırma yolu ilə
Gürcüstan və Türkiyə arasında çoxillik tərəfdaşlığın
dərinləşdirilməsi baxımından irəliyə doğru atılan addımdır.
Osman Aşkın Bakin isə iki ölkənin nazirlikləri arasında uğurlu
tərəfdaşlığı vurğulayıb və gürcü tərəfin birgə gənclik
proqramlarının inkişafına hazırlığını təsdiqləyib.
Qeyd olunub ki, memorandum çərçivəsində Gürcüstan və Türkiyə
gəncləri üçün birgə layihələr həyata keçiriləcək, o cümlədən
gənclər düşərgələri, forumlar, konfranslar, seminarlar, tədris
səfərləri və digər mühüm fəaliyyətlər təşkil ediləcək. Bu isə
gəncliyin inkişafı və ikitərəfli əməkdaşlığın güclənməsinə xidmət
edəcək.