
Bakı. Trend:
ABŞ nəqliyyat naziri və NASA-nın administratoru vəzifəsini icra
edən Şon Daffi “FoxNews”a müsahibəsində bildirib ki, agentlik
2030-cu illərin əvvəllərində Marsa ilk pilotlu missiyanı həyata
keçirməyi planlaşdırır. Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ
Ayda baza qurmaq üçün faydalı yüklərin daşınmasına başlayacaq.
Trend xəbər verir
ki, 2026-cı ilin yazında NASA dörd nəfərlik heyət daşıyan kosmik
gəmini Ay ətrafına göndərməyi planlaşdırır. 2027-ci ildə isə
astronavtların Aya enişi həyata keçiriləcək və onlar orada 8–12 gün
qalacaqlar. Qeyd olunur ki, əvvəlki Ay missiyası cəmi üç gün davam
etmişdi.
Yeni Ay proqramı uzunmüddətli strategiyanın bir hissəsi olaraq
uzaq kosmosun mənimsənilməsinə yönəlir. 2019-cu ilin yazında NASA
mərhələli “Artemis” proqramını təqdim edib. 2022-ci ilin
noyabr-dekabr aylarında həyata keçirilmiş ilk mərhələdə “Orion”
kosmik gəmisi Ayı dövrə vuraraq Yerə qayıdıb.
İkinci mərhələdə heyətlə birlikdə kosmik gəminin Ay ətrafında
uçuşu planlaşdırılır, üçüncü mərhələdə isə astronavtların Aya enişi
və sonrakı Mars missiyası nəzərdə tutulur. Qeyd olunur ki,
“Artemis” proqramının ikinci və üçüncü mərhələlərinin vaxtı
dəfələrlə təxirə salınıb.
2025-ci ilin avqustunda Şon Daffi Aya nüvə reaktorunun
göndərilməsi planlarından da danışıb. Onun sözlərinə görə, nüvə
enerji mənbəyinin Ayda istifadəsi Mars missiyaları və gələcək
kosmos tədqiqatları üçün əsas baza rolunu oynayacaq.