“McLaren”in dəyəri 3,5 milyard funt-sterlinqə yüksəlib

Baş səhifə

Bakı. Trend:

“McLaren” komandasına sahib olan “McLaren Group”un dəyəri
hazırda təxminən 3,5 milyard funt-sterlinq təşkil edir.

Trend xəbər verir
ki, son beş ildə şirkətin bazar dəyəri altı dəfədən çox artıb. Bu
yüksəliş “McLaren Group”un səhmdar strukturunda baş verən
dəyişikliklərlə əlaqələndirilir.

2020-ci ildə şirkətin 33 faiz payını Amerikanın “MSP Capital”
fondu 185 milyon funt ödəyərək əldə etmişdi. Lakin indi həmin pay
Bəhreynin dövlət investisiya fondu “Mumtalakat” və Əbu-Dabiyə
məxsus “CYVN Holdings” tərəfindən satın alınıb. Əgər beş il əvvəl
“McLaren Racing” 560 milyon funt dəyərində qiymətləndirilirdisə,
indi bu rəqəm 3,5 milyard funtdur.

Keçən ilə qədər nəzarət paketi “Mumtalakat” fonduna məxsus olub.
2024-cü ilin dekabrında fond bütün paylarını “CYVN Holdings”ə
satıb.




Komandanın rəhbəri Zak Braun BBC Sporta açıqlamasında bildirib:
“Bu, “McLaren Racing” üçün möhtəşəm gündür. Bir vaxtlar biznesimiz
risk altında idi və rəqabətədavamlı deyildik. Amma indi, beş ildən
sonra həm “Formula 1”də büdcə məhdudiyyətlərinin uğuru, həm də
yenidən rəqabətədavamlı səviyyəyə qayıtmağımız bunun
göstəricisidir. McLaren-in yenidən qələbələr uğrunda mübarizə
aparması sevindiricidir və səhmdar strukturunun sadələşməsi də əla
oldu”.

Qeyd edək ki, ötən il “McLaren” 1998-ci ildən bəri ilk dəfə
Konstruktorlar Kubokunu qazanıb. Hazırda komanda həm pilotlar, həm
də komandalar üzrə dünya çempionatında liderliyə yaxınlaşır. Onun
sürücüləri Oskar Piastri və Lando Norris komanda hesabında ilk iki
yeri tutur və builki 15 yarışdan 12-də qalib gəliblər.

“McLaren Racing” “McLaren Group”un tərkibinə daxildir.
“Mumtalakat” və “CYVN Holdings”in bütün səhmləri əldə etməsi barədə
rəsmi açıqlama çərşənbə axşamı verilib.