
Bakı. Trend:
Monitorinqlər göstərir ki, son dövrlər əmək bazarında həm
informasiya texnologiyaları ilə bağlı, həm də iqtisadiyyatın daha
innovativ sahələri üzrə iqtisadçılara tələbat yaranıb. Bir tərəfdən
informasiya texnologiyaları, eləcə də təbii ki, mühəndislik və o
cümlədən süni intellekt üzrə mütəxəssislərə olan tələbatın artması
müşahidə olunur.
Bu sözləri Trend-in sualına cavab olaraq Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov
deyib.
Deputat bildirib ki, ənənəvi olaraq, iqtisadi profildə
maliyyəçilərə əmək bazarında tələbatın artması müşahidə olunur.
“Bu isə, təbii ki, iqtisadiyyatın genişlənməsi fonunda baş
verir. Eləcə də, təbii ki, tibb və mühəndislik ixtisasları ənənəvi
olaraq hər zaman əmək bazarında tələb olunan sahələrdir. Lakin əmək
bazarının strukturu hazırda daha innovativ ixtisaslara tələbat
yaradır. Xüsusən də informasiya texnologiyaları, süni intellekt, o
cümlədən robot texnologiyaları ilə bağlı sahələrə.
Aparılan müşahidələr göstərir ki, hələlik əmək bazarı ilə ali
təhsil müəssisələri arasında bu istiqamətdə birbaşa əlaqələr
formalaşmayıb. Yəni bu gün əmək bazarı, ali təhsil müəssisələrindən
tələb olunan ixtisaslara uyğun kadrların hazırlanmasında müəyyən
çətinliklərlə üzləşir”.
“Bu baxımdan təbii ki, xüsusən də ixtisas seçimində, ixtisas
planlaşdırmasında əmək bazarındakı dəyişikliklərin nəzərə alınması
çox vacibdir. Çünki əmək bazarındakı dəyişikliklər nəzərə alınmadan
ixtisasların seçilməsi və hətta ali məktəblərdə ixtisaslar üzrə
qəbulun həyata keçirilməsi bir sıra hallarda həmin ixtisaslar üzrə
universiteti bitirən gənclərin, məzunların işlə təminatında
problemlərlə, çətinliklərlə üzləşməsinə gətirib çıxarır”,- deyə
.
Millət vəkilinin sözlərinə görə, əmək bazarının çağırışlarının
nəzərə alınması birmənalı şəkildə vacibdir.
“Amma təəssüf ki, hal-hazırda monitorinq və müşahidələr göstərir
ki, biz əmək bazarındakı çağırışların ali məktəblərdə ixtisasların
müəyyənləşməsində tam olaraq nəzərə alınmasını müşahidə edə
bilmirik”,- deyə Vüqar Bayramov fikirlərini tamamlayıb.