
Bakı. Trend:
Cari il ərzində Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA)
həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində etik normalara
zidd 15 sayda reklamın yayımı dayandırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADRA-dan məlumat
verilib.
Bildirilib ki, həmin reklamları yerləşdirilən yayıcılarla
qanunvericilik aktlarının tələbləri barədə maarifləndirici
söhbətlər aparılıb.
Məlumatda vurğulanıb ki, açıq məkanda reklam yerləşdirməzdən
əvvəl ADRA-dan icazə alınmalıdır. Reklam yayımı üçün təqdim olunan
eskizlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda həmin
reklamların yerləşdirilməsinə icazə verilmir.
“Reklam haqqında” Qanunun 4-cü maddəsinə əsasən, reklam dövlət
əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa,
zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və
sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə,
ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə
təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət
rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd
hallara yol verilməməlidir.
Qeyd olunan tələblərə əməl edilməməsi “Reklam haqqında” Qanunun
pozulması deməkdir və bu zaman Agentlik tərəfindən müvafiq
reklamların yayımının dayandırılması istiqamətində “Açıq məkanda
reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin
həyata keçirilməsi Qaydası”nın müddəaları çərçivəsində zəruri
tədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən “Reklam haqqında”
Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab
verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə
300 manatdan 10 min manatadək
inzibati cərimə nəzərdə tutulur.
Qeyd edilib ki, Agentlik tərəfindən açıq məkanda yerləşdirilən
reklamların etik normalara və milli mənəvi dəyərlərə uyğunluğunun
yoxlanılması istiqamətində mütəmadi monitorinqlər həyata
keçirilir.

