
Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə
kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst
trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış
kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim
edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347
manatdan başlayır.
Trend
xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, yeni mənzillər seçim üçün 12.09.2025-ci il
tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim
olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış
ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət
İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron
İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi
qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və
rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi
(www.mcgf.gov.az) və rəsmi Youtube kanalından
(https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin
“1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi
çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.

