
Bakı. Trend:
Azərbaycanda səfərdə olan Bəhreyn krallığı nümayəndələr
şurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıq
etdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlər
xiyabanını ziyarət edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək
xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad
edib, tər güllər düzüblər.
Nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edərək
ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb,
məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini
ziyarət edib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis aparat rəhbərinin
müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiət
ediblər.