Avropa İttifaqının xarici sərhədlərində gücləndirilmiş nəzarət tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı oktyabrın 12-dən etibarən vahid sərhəd nəzarəti
sistemi – Entry/Exit System çərçivəsində xarici sərhədlərə
nəzarətini gücləndirəcək.

Trend xəbər
verir ki, bu barədə “Yle” teleradio kompaniyası məlumat yayıb.

Məlumata görə, Avropa aeroportlarında barmaq izlərinin və
üztanıma görüntülərinin toplanması ilə bağlı genişmiqyaslı layihəyə
başlanılacaq. Yeni sistem əsasən saxta pasportlardan istifadə edən
şəxslərin, eləcə də Avropa İttifaqında müəyyən olunmuş müddətdən
artıq qalanların aşkar edilməsinə yönəlib.

Artıq on ildən çoxdur ki, hazırlanan, lakin texniki səbəblərə
görə dəfələrlə təxirə salınan Avropanın yeni sərhəd nəzarəti
sisteminin tətbiq tarixi artıq rəsmən açıqlanıb. Sistem 2025-ci il
oktyabrın 12-də işə salınacaq.




Yeni qaydalara əsasən, Şengen zonası sərhədini ilk dəfə keçən
üçüncü ölkə vətəndaşlarının barmaq izləri, üz görüntüləri və digər
məlumatları ümum-Avropa reyestrində saxlanılacaq. Növbəti
səfərlərdə həmin şəxslər sərhədi avtomatlaşdırılmış nəzarət
məntəqələri vasitəsilə, pasport nəzarətçisi ilə ünsiyyət qurmadan
keçə biləcəklər. Pasportlara möhür vurulması isə tamamilə ləğv
ediləcək.

Yeni sistemin tətbiqi üçün altıaylıq keçid dövrü nəzərdə
tutulub. Bu müddət ərzində mövcud sərhəd nəzarəti paralel şəkildə
davam etdiriləcək. İlk mərhələdə ildə 200–300 milyon keçidi emal
edə bilən sistem Avropa İttifaqının bir neçə sərhəd-keçid
məntəqəsində sınaqdan keçiriləcək.

Reyestrdə toplanan məlumatlara miqrasiya orqanları, polis,
təhlükəsizlik və kəşfiyyat xidmətləri, həmçinin Finlandiya Müdafiə
Qüvvələri giriş imkanı əldə edəcək.

Yeni sistemin tətbiqi Avropa İttifaqının daxili
təhlükəsizliyinin gücləndirilməsi və qeyri-qanuni miqrasiyanın
qarşısının alınması məqsədi daşıyır.