
Bakı. Trend:
“Windows 11” əməliyyat sisteminin artıq uzun müddət satışda
olmasına baxmayaraq, fərdi kompüter istifadəçilərinin az qala
yarısı hələ də “Windows 10”dan istifadə edir.
Trend “Computer
World” nəşrinə istinadən xəbər verir ki, fərdi kompüter bazarındakı
tendensiyalar barədə ABŞ-nin aparıcı kompüter istehsalçıları olan
“Dell” və “HP” şirkətlərinin rəhbərləri telefon konfransında
müzakirə aparıblar.
Tərəflərin gəldiyi qənaətə görə, dünyadakı kompüterlərin
təxminən 50 faizi hələ də oktyabrda texniki dəstəyi rəsmi olaraq
dayandırılacaq “Windows 10”la işləyir. Analitik “Statcounter” də
oxşar rəqəmlər təqdim edir: əgər bu məlumatlar doğrudursa,
milyonlarla, hətta milyardlarla insan hələ də “Windows 10”dan
istifadə edir.
“Biz əvvəlki illərin göstəricilərindən geri qalırıq”, – deyə HP
şirkətinin rəhbəri Enrike Lores istifadəçilərin yeni “Windows”
versiyasına keçid prosesini şərh edərkən bildirib.
Onun sözlərinə görə, kiçik və orta bizneslər “Windows11”-ə
keçməkdən imtina edir – ya yeni kompüter almaq zərurəti, ya da yeni
funksiyaların olmaması səbəbindən.