
Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə Yeni Kaledoniyadakı
iğtişaşlar zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanak
əsilli məhkumun qətilini pisləyən və qınayan açıqlama yayıb.
Trend
açıqlamanı təqdim edir:
“Sentyabrın 3-də Fransanın “Le Monde” nəşrində “2024-cü ildə
Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm” adlı məqalə
dərc olunub. Məqalədə qeyd edilir ki, 2024-cü il mayın 13-də
Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən
Kamp-Est Penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş
verir. Hadisə zamanı təxminən 600 məhkumun saxlandığı bu müəssisədə
üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə
kameralarının əksəriyyəti sıradan çıxarılır. Vəziyyətin nəzarətdən
çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq mühafizə
orqanlarının əməkdaşları cəlb edilir.
Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr
zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanak əsilli məhkum
hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa
məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat
edib. Əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda
iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb.
Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının
müdaxiləsi zamanı Ceyms döyülüb, daha sonra digər məhkumlarla
birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq
orada fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, Ceymsə və digər
yaralı məhkumlara lazımi tibbi yardım göstərilməyib.
Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində
xeyli zəifləyib, daha sonra isə tamamilə kəsilib. O, huşsuz
vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi
müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də,
Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar
istintaq hərəkətləri başlandığını təsdiqləyib. Hazırda
məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam
etdirilir.
Qeyd edək ki, Ceymsin vəfatı ilə 2024-cü ilin may ayında baş
vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə
çatıb.
Qeyd: Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti,
normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları
ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə
çevrilib. Tibbi xidmətlərə əlçatanlığın olmaması, xüsusilə gənc
məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları
müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən
Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin
humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas
müddəalarına əlavə edilib.
Ceymsin ölümü ilə bağlı onun ailəsi və vəkili tərəfindən mülki
qaydada üç fərqli iddia qaldırılıb. Hüquq müdafiəçiləri baş vermiş
hadisə ilə əlaqədar olaraq dövlət rəsmilərini, xüsusilə hüquq
mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki
zorakılıq tətbiq etməkdə ittiham edirlər. “Le Monde” qəzetinin
yaydığı məlumatlara əsasən, Ceymsin ölümü rəsmi statistikalarda
qeyd olunmayıb.
Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını
gizlətməsini bir neçə amillə izah edir: Əvvəla, onun ölümü birbaşa
küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş verib.
Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı
kimi dəyərləndirilməsinə zəmin yaradıb.
İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti
və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmayıb. Bu hal
günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır.
Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə
kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual
sübutlar məhv edilib. Bu da araşdırmanın ləngiməsinə səbəb
olub.
Nəticədə Ceymsin faciəli ölümü rəsmi statistikalarda əks
olunmayıb, ictimaiyyətdən gizlədilib”.

