Azərbaycan – İslandiya oyunu:

Baş səhifə

Bu gün Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya ilə üz-üzə gələcək. Baş məşqçi Fernandu Santuş qələbə qazanmaq istəyini dəfələrlə ifadə etsə də, onun rəhbərliyi altında milli komandamız hələ böyük bir nailiyyət əldə etməyib. Bəs axşamkı oyundan gözləntilər nədir? Milli komandamızın yenə istənilən uğuru gətirməsə, Santuşun millidən ayrılması gündəmə gələ bilər?

Futbol eksperti Elçin Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, İslandiya klublar səviyyəsində ciddi nailiyyətlər əldə etməsə də, milli komanda olaraq çox önəmli uğurlara imza atıb. Ekspert heyətin demək olar, bütün üzvlərinin legioner həyatı yaşamasına diqqət çəkib:

“Bu da onların milli formayla oynadığı futbola müsbət təsir göstərir. Standart vəziyyətlərdə və müxtəlif metodlarla təhlükə yaratmağı bacarırlar. İslandlar sərt futbola üstünlük verir, fiziki gücə əsaslanaraq ayaqda qalmağa çalışırlar. Üstəlik, orada hava şəraitinin aşağı olması, istidən birdən-birə soyuğa keçid bizim futbolçularımız üçün əlavə çətinlik yarada bilər. Amma meydana gəldikdə, mən milli komandamızdan, xüsusilə də Fernandu Santuşdan heç bir gözlənti duymuram. Onun baş məşqçi postuna təyin olunacağı vaxt belə demişdim ki, qoca və tükənmiş Santuş Azərbaycan futbolunun inkişafı istiqamətində nə edə bilər? Təəssüf ki, ötən müddət də bu fikri təsdiqlədi. “Beşiktaş”dan qovulan, Polşa yığmasından uzaqlaşdırılan bu yaşda birinin Azərbaycan yığmasının yenidən təkmilləşdirilməsi və inkişafı istiqamətində həyəcanını, həvəsini heç birimiz görə bilmirik”.

E.Cəfərov Santuşun daha hazır komandalarla uğurlu nəticə qazana biləcəyini istisna etməsə də, Azərbaycan yığmasının sükanı arxasına gətirilməsini səhv qərar kimi dəyərləndirib:

“Futbolçularımız motivasiyasız, qorxaq futbol nümayiş etdirirlər. Baş məşqçi isə əlimizdə olan potensialdan maksimum yararlana bilmir. Əgər bugünkü və sonradan Ukrayna ilə də oyunda uğursuzluq yaşansa, Fernandu Santuşla yolların ayrılması gündəmə gələcək. Digər tərəfdən, AFFA-nın yeni rəhbərliyi yaxın keçmişdə strategiya təsdiqləyib. Əgər həmin strategiyada göstərilən müddəalara düzgün əməl olunarsa, 4–5 ildən sonra bunun nəticələrini görməyə başlayacağıq. Çünki bu gün milli komandadan böyük nailiyyət gözləmək doğru deyil. Əsas diqqət aşağı yaş qruplarına, uşaq futbolunun inkişafına yönəlməlidir. İstedadlı futbolçular tapılıb sistemli şəkildə yetişdirilməlidir”.

Ekspertin fikrincə, gələcəyin millisini qurmaq lazımdır:

“Ona görə də elə mütəxəssislər təyin olunmalıdır ki, əsas milli hansı oyun sistemi ilə çıxış edirsə, 16–17 yaşlılardan ibarət komandalarımız da həmin sistemlə oynasın. Bu, futbolçuların inkişafını təmin edəcək və gələcəkdə daha güclü milli komanda görəcəyik. Onda futbolçuların qələbə əhval-ruhiyyəsi də yüksək olacaq. Amma Santuşun oyun planında etdiyi dəyişikliklər, müdaxilələri bəzən futbolçuları ruhdan salır. Bunu da xüsusilə qeyd etmək lazımdır. Hər halda milli bizimdir, Azərbaycanımızındır. Uğurlar arzulayırıq, qalib gələcəyimizə inanırıq, amma reallıqları da nəzərə almaq vacibdir”.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir