
Bakı. Trend:
Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın XI iclası keçirilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər
verir.
Bildirilib ki, iclasdan əvvəl Azərbaycan nümayəndə heyəti
ölkəmizin Macarıstandakı Səfirliyini ziyarət edib, Ümummilli lider
Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə
naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri
Peter Siyartonun iclasdan əvvəl təkbətək və geniş tərkibdə
keçirilən görüşlərində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və
bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib
və ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri
əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu
gündəliyi nəzərdən keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən
S. Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq,
qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə
ardıcıl şəkildə genişləndiyini bildirib. 2024-cü ildə Macarıstanın
Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə
toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni
zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari
ilin may ayında Macarıstana etdiyi sonuncu səfərin ölkələrimiz
arasındakı dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisi
olduğu qeyd olunub.
Nazir çıxışında ticarət, investisiya, enerji, nəqliyyat, turizm,
işğaldan azad edilmiş ərazilərin bərpası, humanitar sahələrdə
əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib, həmçinin
Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və
bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və
“Yaşıl Enerji Dəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün
geniş imkanlar açdığını diqqətə çatdırıb: “Azərbaycan üçün bu
dəhlizlər Şərqlə Qərb arasında mühüm əlaqələndirmə mərkəzi olmaq
strategiyası ilə üst-üstə düşür, Macarıstan üçün isə logistika,
ticarət, enerji tranziti və sənaye sahələrində əməkdaşlıq
baxımından yeni imkanlar açır.”
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan–Macarıstan
Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin
möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən
və gündəliyi olduqca geniş olan XI iclasın nəticələri iki ölkənin
ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və
sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida
təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və
digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar
olacaq.
Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş
hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü
ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji və
bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi,
habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan
şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi
Birgə Komissiyanın iclasında mühüm nailiyyətlər kimi
qiymətləndirilib.
P.Siyarto çıxışında Azərbaycanla Macarıstan arasında
əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu
əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb.
Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları
olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də
dəyişikliyə gətirib çıxardığını qeyd edib. Belə ki, Macarıstan
hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz
satışını həyata keçirir.
İclas başa çatdıqdan sonra S. Babayev və P. Siyarto tərəfindən
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası
Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI
iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd
Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət
Planı”, “Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS
Universiteti, SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD. və
PANNONPHARMA arasında Anlaşma Memorandumu” hər iki tərəfin
aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən
imzalanıb.
Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını
cavablandırıb.
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında
iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 18 fevral 2008-ci il
tarixində Budapeşt şəhərində imzalanmış “Azərbaycan Respublikası
Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq
haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq yaradılıb və Birgə
Komissiyanın bundan əvvəl 10 iclası keçirilib.