
Bakı. Trend:
Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı
təhsildə yeni yanaşmaların formalaşmasına səbəb olub. Azərbaycanda
da təhsil sektorunun elektronlaşdırılması prioritet istiqamətlərdən
birinə çevrilib. Bu proses yalnız tədrisin keyfiyyətini artırmaqla
qalmır, eyni zamanda, idarəetmə sistemində şəffaflığın və
operativliyin təmin olunmasına xidmət edir.
Hazırda Azərbaycanda təhsil sahəsinin tamamilə
elektronlaşması üçün hansı addımlar atılmalıdır və ölkədə təhsil
sahəsinin elektonlaşması ilə bağlı vəziyyət hansı
səviyyədədir?
Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin deputatı Ceyhun
Məmmədov bildirib ki, son illər təhsil sahəsində
elektronlaşdırma ilə bağlı xeyli işlər görülüb.
“Müəllimlərlə bu istiqamətdə ciddi addımlar atılıb və ümumilikdə
bu sahədə müəyyən uğurlar əldə olunub. Amma hesab edirəm ki, eyni
zamanda, görüləcək işlər də kifayət qədər çoxdur. Elektronlaşdırma
sahəsində atılmalı olan addımlar hələ də davam edir.
Təhsil Nazirliyi tərəfindən məktubların və sənəd dövriyyəsinin
elektronlaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin bu gün
əsas problemlərdən biri universitetlərlə bağlıdır. Belə ki,
universitetlərdə elektron sənəd dövriyyəsi, elektron qiymətləndirmə
və digər elektron qabiliyyətlərin tətbiqi məsələsi hələ də tam həll
olunmayıb”.
Deputatın sözlərinə görə, bu problemin aradan qaldırılması üçün
vahid və effektiv bir proqram hazırlanaraq tətbiq edilməlidir.
“Qiymətləndirmə, sənəd dövriyyəsi və digər proseslərin elektron
formada həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Hazırda
bəzi universitetlər bu istiqamətdə işlər görsələr də, əksəriyyəti
hələ də kağız üzərində işləməyə davam edir. Məsələn, tələbələr
yekun qiymətlərini öyrənmək və ya imtahan nəticələrinə baxmaq üçün
mütləq universitetə getməlidirlər.
Düşünürəm ki, elektronlaşdırma sahəsində görüləcək işlər hələ
çoxdur və bu sahədə sistemli yanaşmaya ehtiyac var”, – deyə
C.Məmmədov fikirlərini tamamlayıb.
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi
Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə
Trend-ə
bildirib ki, Azərbaycanda təhsilin elektronlaşması istiqamətində
yeni mərhələyə qədəm qoyulub:
“Artıq bu ildən etibarən paytaxt məktəblərində kağız
jurnallardan imtina edilir və elektron jurnallar tam tətbiq olunur.
Bu, həm idarəetmədə şəffaflığı təmin edəcək, həm də müəllim, şagird
və valideyn arasında ünsiyyəti daha operativ edəcək. Eyni zamanda,
təhsil prosesində insan amilindən qaynaqlanan əlavə vaxt itkisini
aradan qaldıracaq.
Hazırda ölkəmizdə şagirdlərin elektron qeydiyyatı, ali və orta
ixtisas təhsilinə qəbulun tam elektron şəkildə həyata keçirilməsi,
müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsinin
qeydiyyatının onlayn formada təşkili artıq formalaşmış
sistemlərdir. Bu istiqamətdə atılan addımlar göstərir ki,
Azərbaycan təhsilinin gələcəyi məhz rəqəmsal mühitdədir”.
Təhsil eksperti vurğulayıb ki, xarici təcrübələrə nəzər salanda
görürük ki, Estoniya bu sahədə dünyada ən qabaqcıl ölkələrdən
biridir:
“e-School” sistemi vasitəsilə valideynlər övladlarının dərs
cədvəlini, qiymətlərini, ev tapşırıqlarını və müəllimlərin
qeydlərini real vaxtda izləyə bilirlər. Bu, təhsil prosesini
tamamilə şəffaf və çevik edir. Sinqapurda süni intellekt dəstəyi
ilə fərdi öyrənmə yanaşması tətbiq olunur: hər bir şagirdin öyrənmə
tempi izlənilir, zəif tərəflər müəyyən edilir və buna uyğun təlim
resursları təklif olunur. Finlandiya isə təhsildə elektron
resursların əlçatanlığı ilə seçilir – burada dərsliklər,
qiymətləndirmə meyarları və müəllimlər üçün metodik göstərişlər
vahid rəqəmsal platformada toplanıb”.
Əmrah Həsənli qeyd edib ki, Azərbaycanda da bu təcrübələrdən
yararlanaraq, öz milli modelimizi yaratmaq mümkündür.
“Bunun üçün iki əsas istiqamət xüsusi diqqət tələb edir:
müəllimlərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və region
məktəblərində texniki təminatın artırılması. Çünki elektron
platformaların səmərəli istifadəsi yalnız proqram təminatı ilə
məhdudlaşmır, bu prosesin bilikli və hazırlıqlı insan resursuna
ehtiyacı var. Ümumilikdə, təhsil sahəsində elektronlaşma
dövlətimizin strateji hədəflərindən biridir və mərhələli şəkildə
bütün ölkəni əhatə edəcək.
Kağız jurnallardan elektron jurnallara keçid isə bu istiqamətdə
böyük bir dönüş nöqtəsidir. Gözləntimiz odur ki, yaxın illərdə həm
məktəb, həm də ali təhsil sistemində vahid rəqəmsal platforma
yaradılacaq və Azərbaycan öz milli elektron təhsil modelini
formalaşdıracaq”, – deyə o fikirlərini tamamlayıb.

