
Bakı. Trend:
Monreal Kanada-Azərbaycan Cəmiyyəti Monrealda keçirilən
Orientalys Festivalında ölkəmizi təmsil edib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, şərq xalqlarının zəngin mədəniyyətini nümayiş
etdirmək məqsədilə təşkil olunan festivalda Azərbaycanın qədim və
zəngin mədəniyyəti, müxtəlif bölgələri, tarixi abidələri və coğrafi
gözəllikləri haqqında ziyarətçilərə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə nəşr olunan Etibar Cəfərovun müəllifi olduğu “The
Colors of Azerbaijan” (“Azərbaycanın rəngləri”) kitabı, eləcə də
Monreal Kanada-Azərbaycan Cəmiyyətinə komitənin xətti ilə
göndərilən digər bütün nəşrlər festival iştirakçılarının xüsusi
marağına səbəb olub. Kitabda yer alan rəngarəng və yüksək
keyfiyyətli fotoşəkillər vasitəsilə ziyarətçilər Azərbaycanın
təbiətini, tarixini və mədəni dəyərlərini vizual olaraq yaxından
tanımaq imkanı əldə ediblər.
Festivalda qurulan Azərbaycan stendinə gələn ziyarətçilər
kələğayı, araqçın və milli baş örtükləri ilə şəkil çəkdirməyə böyük
maraq göstəriblər. Bir çox iştirakçı ölkəmiz haqqında sosial
şəbəkələr vasitəsilə məlumatlandığını, Azərbaycanın mədəniyyətinə
və insanlarına dərin rəğbət bəslədiyini bildirib.
Ziyarətçilər arasında Azərbaycana turist kimi səfər etmək
arzusunda olanlar bu istəklərini ifadə edib, bəziləri isə Formula 1
yarışları zamanı Bakıya səfər etdiklərini və odlar ölkəsinə yenidən
gəlmək arzusunda olduqlarını qeyd ediblər.