
Bakı. Trend:
Şəxsi maraqlarını milli mənafedən üstün tutan, ayrı-ayrı Qərb
ölkələrində mühacir adı ilə məskunlaşan antimilli ünsürlər, eyni
zamanda, AXCP sədri kərimov əli sosial şəbəkələrdəki çıxışları ilə
özlərini davamlı şəkildə ifşa etməkdədirlər. “Moizələri” onların
ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri
anlamadıqlarını ortaya qoyur. Mənəvi-psixoloji burulğanlar
girdabında çırpınan bu ünsürlər dövlətimizin uğurlarını, müstəqil
siyasətini həzm edə bilməyən antiAzərbaycan qüvvələrin pərdə
arxasından idarə etdikləri prosesin iştirakçılarıdırlar. Daha
doğrusu, ölkəmizə qarşı aparılan informasiya müharibəsində
utanmadan qarşı cəbhədə yer alırlar. Azərbaycana qarşı çirkin
niyyətlərini gerçəkləşdirməyə cəhd edən bədxah qüvvələr cızdıqları
ssenarinin icrasında onlardan ustalıqla istifadə edirlər. Onların
sosial şəbəkələrdə dövlətçiliyimizin əleyhinə səsləndirdikləri
cəfəngiyyatlar xaricdəki himayədarları, erməni lobbisi ilə şəxsi
maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur.
Antimilli notlara köklənmiş ikrah doğuran çıxışları açıq-aşkar
göstərir ki, bu şəxsləri yalnız və yalnız ölkəmizin imicinə zərbə
vurmaq, özlərinin yalanlarını həqiqət kimi sırımaq, hakimiyyətin
atdığı hər bir addımı qara rəngdə təqdim etmək düşündürür. Kərimov
əlinin bu gün sosial şəbəkələrdə Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısını, ümumiyyətlə, Azərbaycanın Çinlə, adıçəkilən
qurumla əlaqələrini öz maraqlarına uyğun şəkildə “təhlil” etməsi
diqqətdən kənarda qalmır. Reallıq budur ki, Zirvə görüşü
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təqdimatı oldu. Prezident
İlham Əliyevin Zirvə görüşündə iştirakı və çıxışı, çoxsaylı
görüşlər keçirməsi, hazırkı dövrün əsas çağırışlarını geniş
müzakirə etməsi və sair kimi məqamlar ölkəmizə, dövlətimizin
başçısına böyük etimadın növbəti təsdiqidir. Azərbaycan tarixi
Zəfərinin yaratdığı reallıqlar fonunda söz sahibliyini daha da
möhkəmləndirir, hər bir məsələdə ölkəmizin mövqeyi böyük önəm kəsb
edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın ən böyük regional qurumu
kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini,
dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25
faizini təmin etdiyini nəzərə alsaq Azərbaycanın bu regional
təşkilatla əlaqələrinin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb
etdiyini aydın şəkildə görmək mümkündür. Azərbaycan hər zaman
dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli ilə dünyanın
diqqətindədir. “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən çox
ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılmışdı.
Antimilli ünsürlər, o cümlədən kərimov əli bu reallığı qəbul
etməlidir ki, artıq fərziyyələrini reallıq kimi ictimai fikrə
sırımaq zamanı deyil. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi
hazırkı dövrdə cəmiyyətin hər bir üzvü istər ölkədə, istərsə də
dünyada baş verən hadisələri daha dərindən öyrənmək, təhlil etmək
imkanlarına malikdir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli
tədbirə diqqət yetirsək, onun mahiyyətinə, hansı mövzuya həsr
olunmasına, ən əsası hansı məkanda keçirilməsinə baxmayaraq əsas
diqqət Azərbaycanın uğurlu siyasətinə yönəlir. Azərbaycan artıq
üçüncü dəfə idi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə
qatılırdı. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin
təminatına verdiyi töhfələr də diqqətdən kənarda qalmır. Dövlət
başçısı İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi
görüşlərdə də hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji
mənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bərpaolunan
enerji potensialı xüsusi diqqət göstərilən məsələ oldu.
Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr ŞƏT məkanında enerji
təhlükəsizliyi baxımından diqqət mərkəzində saxlanılır. Digər
tərəfdən Azərbaycan Orta Dəhlizin əsas dövlətlərindən biridir.
Çinlə Avropanı birləşdirən bu nəqliyyat arteriyası ŞƏT-in üzvü olan
dövlətlərin iqtisadi maraqlarına tam cavab verir. Bakı-Tbilisi-Qars
dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur
dəhlizi perspektivi Azərbaycanı ŞƏT ölkələri üçün mühüm tranzit
tərəfdaşa çevirir. Amma dövlətimizin marağında olan nə varsa
xaricdəki antimilli ünsürlərin, kərimov əlilərin marağına uyğun
deyil. Utanmadan manipulyasiya ilə məşğul olan bu şəxslər nədənsə
qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıda
iştirakını yada salmırlar. Türkiyə NATO üzvü olan güclü dövlətdir.
Bəs, NATO və Avropa İttifaqının üzvü olan Slovakiyanın baş
nazirinin Pekində keçirilən tədbirlərdə iştirakına nə deyəcəksiniz?
Ay siyasi diletant, Çində toplaşanlar avtoritarlardırsa onda bu
ölkə necə Avropa İttifaqının üzvüdür?!
Millət vəkili qeyd edib ki, bu qaraguruhun dərdi heç bir halda
demokratiya, seçkilər, yaxud digər məsələlər deyil. Onların əsl
məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su
tökməkdir. Təəssüflər olsun ki, “sapı özümüzdən olan baltalar”-
antimilli ünsürlər şəxsi ambisiyalarının quluna çevrildikləri üçün
uğurlarımızı həzm edə bilmirlər. Siyasi şüuru aşağı olan,
konstruktivliyi qəbul etməyən bu pozucu ünsürlər birmənalı şəkildə
siyasi meydanın küncünə sıxılıblar. Antimilli ünsürlərin,
qaragüruhçu tör-töküntülərin ölkəmizin əleyhinə təbliğatlara sabun
köpüyündən başqa bir şey deyil. Güclü, qüdrətli, qalib Azərbaycanın
tutduğu yol inkişaf yoludur. Hər zaman yeni-yeni hədəflər bu yolun
davamlılığını şərtləndirir.