
Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası
Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və
özəl sektor nümayəndələrinin iştirakı ilə Azərbaycan-Macarıstan
biznes forumu təşkil olunub.
Trend xəbər
verir ki, Birgə Komissiyanın həmsədrləri – Azərbaycan
Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici
işlər və ticarət naziri Peter Siyarton biznes forumda çıxış
ediblər.
S.Babayev Birgə Komissiyanın XI iclasının nəticələrinin
Azərbaycan–Macarıstan münasibətlərinin dostluq və strateji
tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcək
istiqamətlərini müəyyənləşdirdiyini bildirib.
Nazir vurğulayıb ki, hökumətlər əməkdaşlıq üçün razılaşma
çərçivəsini müəyyənləşdirir, biznes ictimaiyyəti və investorlar isə
həmin razılaşmaları konkret layihələrə çevirirlər. Onun sözlərinə
görə, biznes forum tərəfdaşlıqların qurulması, innovasiyaların
təşviqi və yeni bazarlara çıxış baxımından mühüm platforma rolunu
oynayır.
Azərbaycanın diversifikasiya, dayanıqlılıq və açıqlıq
prinsiplərinə əsaslanan, sabit və etibarlı tərəfdaş olduğunu
vurğulayan S.Babayev Macarıstan şirkətlərini Azərbaycana
investisiya qoymağa dəvət edib, eyni zamanda, Azərbaycan
şirkətlərinin də Macarıstanda və Avropa İttifaqında yeni inkişaf
imkanlarını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
“Azərbaycan ilə Macarıstan arasındakı dostluq və etibarlı
tərəfdaşlıq gələcək əməkdaşlıq üçün güclü təməl yaradır. Gələcək
tərəqqi biznes ictimaiyyətinin yaradıcılığı və ambisiyalarından
asılı olacaq. Əminəm ki, bu gün mübadilə edilən fikirlər ümidverici
təşəbbüslər və uzunmüddətli uğurlara yol açacaq,” – deyə S.Babayev
qeyd edib.
Forum çərçivəsində ikitərəfli ticarətin genişləndirilməsi,
investisiyaların təşviqi, kiçik və orta sahibkarlığın
dəstəklənməsi, enerji, yaşıl iqtisadiyyat, ərzaq təhlükəsizliyi və
nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, AZPROMO-nun icraçı direktorunun müavini Tural
Hacılı Azərbaycan, o cümlədən Qarabağ bölgəsinin investisiya
imkanları ilə bağlı geniş təqdimatla çıxış edərək, Macarıstan
sahibkarlarını ölkəmizin dinamik inkişaf edən iqtisadiyyatı və
əlverişli investisiya mühiti ilə yaxından tanış olmağa və bu
potensialdan faydalanmağa dəvət edib.
Bununla yanaşı, Azərbaycan Turizm Bürosunun baş icraçı
direktorunun müşaviri Sevda Əliyeva Azərbaycanın turizm sektoru,
zəngin mədəni irsi və unikal turizm marşrutlarına dair təqdimatla
çıxış edib.
Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə
Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma
Memorandumu imzalanıb.
Biznes forumda iş adamları arasında görüşlər keçirilib, gələcək
əməkdaşlığa dair müzakirələr aparılıb.
Biznes forumda ümumilikdə 90-dan artıq şirkət, o cümlədən
Azərbaycandan 30 şirkət iştirak edib.