
Bakı. Trend:
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında
“Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans təşkil
olunub.
Trend xəbər
verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli
Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident
İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən
müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr Zəfərinin
önəmini vurğulayıb: “Xalqımız öz liderinin – Müzəffər Ali Baş
Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan
tarixinin ən böyük uğurunu, gücünü, mətinliyini, mübarizliyini
bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə
uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü.
44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması
ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə,
Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən
lider İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində
Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə
çevirdi”.
Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyev təkcə hərbi
Qələbənin deyil, eyni zamanda, sabitliyin, inkişafın və sülhün
memarıdır: “Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə
Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda
sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi
tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün
nümunəyə çevriləcək və hər kəs Prezident İlham Əliyevin liderliyi
ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara
şahid olacaq”, – deyə o vurğulayıb.
Milli Məclisin deputatı Eldar Quliyev işğal dönəmində
ermənilərin törətdiyi vəhşiliyə diqqət çəkib. O qeyd edib ki,
Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi
tarixi Qələbə bütün bu vəhşiliklərə son qoydu, dövlətimizin ərazi
bütövlüyünü, suverenliyini təmin etdi. Bu gün Azərbaycanın bütün
dünya, xüsusilə də türk dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri
qurduğuna diqqət çəkən deputat bütün bu uğurların müəllifinin
Müzəffər Ali Baş Komandan olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxışında dövlətimizin
əldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilk
illərində Azərbaycanın bir çox problemlərlə yanaşı, həm də ciddi
borc problemi ilə üzləşdiyini bildirən deputat hazırda Azərbaycanın
borc verən ölkəyə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şərəf
Cəlilli də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı
tarixi xidmətlərinə toxunub. O qeyd edib ki, məhz Prezident İlham
Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və
qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxarıb,
dövlətimizə və xalqımıza bütün dünyada böyük hörmət və ehtiram
qazandırıb.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, I
Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov da iştirak
ediblər.