Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 5-də
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Levon Balayanın cinayət
işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan
olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin
yanvarında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada,
Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi
hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona “AKS-74” avtomat
silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya
Federasiyası istehsalı olan “T-55”, “T-72” tipli ağır döyüş
tankları, “BMP-1”, “BMP-2” markalı piyadaların döyüş maşınları
yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon
Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxs – red.)
tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini
yoxlayıb.

2020-ci il sentyabrın 20-də “Xankəndi şəhəri hərbi komissarlığı
tərəfindən məcburi şəkildə “silahlı qüvvələr”in tərkibində
“xidmət”ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni,
sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində
dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin
tərkibində döyüşlərdə iştirak edib. Həmin batalyonun adı “Alaşa”
olub.

L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il
mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində
Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı
birləşmələrdən birinə qoşulub. O vaxtdan “Artsakhbank” (Ermənistan
bankıdır – red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min
dram, yəni, 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın
20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Daha sonra məhkəmə prosesinə sədrlik edən hakim təqsirləndirilən
şəxslərin hamısının – 15 nəfərin ibtidai istintaqa ifadələrinin
elan olunmasının başa çatdığını bildirib.

O, təqsirləndirilən şəxslərə ibtidai istintaq və məhkəmə
istintaqında verdikləri ifadələrində ziddiyyətlərin olub-olmadığı,
elan edilən ifadələrlə razılaşıb-razılaşmamaları barədə sualların
ünvanlanacağını deyib.

Təqsirləndirilən Levon Balayan, Melikset Paşayan, Qurqen
Stepanyan kiçik istisnalarla ibtidai istintaqdakı ifadələrini
təsdiqlədiklərini deyiblər.

Təqsirləndirilən Madat Babayan və Qarik Martirosyan ibtidai
istintaq zamanı verdikləri ifadələri tam təsdiqləyiblər.

Qurqen Stepanyan, Davit Allahverdiyan, həmçinin Erik Qazaryan və
Vasili Beqlaryan məhkəmə istintaqı zamanı verdikləri ifadələrini
təsdiqlədiklərini bildiriblər.

Davit Manukyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin
nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyan da onun ibtidai istintaqda
deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə
alınmasını xahiş edib.

Təqsirləndirilən Levon Mnatsakanyan elan olunan ifadəsinin
müəyyən hissələri ilə razılaşmadığını qeyd edib.

Təqsirləndirilənlər Bako Saakyan və Arayik Harutyunyan da
məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əsas götürülməsini
hakimlər kollegiyasından xahiş ediblər.

Təqsirləndirilən David Babayan müdafiəçisi ilə konfidensial
görüş keçirdikdən sonra elan olunmuş və ibtidai istintaqda verdiyi
ifadəsinə növbəti məhkəmə prosesində münasibət bildirməyə şərait
yaradılmasını xahiş edib.

Məhkəmə iclasına sədrlik edən hakim təqsirləndirilən şəxsin
vəsatətini nəzərə alaraq, növbəti prosesdə ifadəsinə münasibət
bildirmək üçün ona imkan yaradılacağını bildirib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.