Kir Starmer kabinetində yeni təyinatlar

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner
İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi
rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa
verib.

Trend xəbər
verir ki, onun istefasının ardından Baş nazir Kir Starmer
kabinetində dəyişikliklər həyata keçirib.

Yenilənmiş siyahıya görə, maliyyə naziri Reyçel Rivz öz
vəzifəsində qalsa da, digər əsas postlarda ciddi dəyişikliklər baş
verib.




Ədliyyə naziri Şabana Mahmud daxili işlər naziri təyin olunub.
O, bu dəyişikliklə hökumətin ən mühüm vəzifələrindən birinə
yüksəlib. Mahmudun yerinə isə indiyədək xarici işlər naziri olan
Devid Lammi ədliyyə naziri postuna gətirilib. Daxili işlər naziri
İvet Kuper isə bundan sonra xarici işlər naziri kimi fəaliyyət
göstərəcək.

Bu dəyişikliklər İ. Kuper üçün geriləmə kimi qiymətləndirilir.
O, daxili işlər naziri olduğu müddətdə əsas prioritet kimi
qeyri-qanuni miqrasiya ilə mübarizəni müəyyən etmişdi. D.Lammi üçün
də bu qərar gözlənilməz olub, çünki Baş nazir noyabr ayında ona bu
postda beş illik fəaliyyətə zəmanət vermişdi.

Əksinə, Ş.Mahmud üçün bu dəyişiklik ciddi yüksəliş hesab olunur.
Onun daxili işlər naziri postuna gətirilməsi ilə ilk dəfə Böyük
Britaniya hökumətinin üç ən yüksək vəzifəsində qadınlar təmsil
olunacaq. Digər tərəfdən, İcmalar Palatasının spikeri Lüsi Pauell
və Şotlandiya üzrə nazir İan Mörrey vəzifədən azad ediliblər.