
Bakı. Trend:
Azərbaycanın düzənlik ərazilərində təbii radioaktiv şüalanma
səviyyəsinin dağ massivlərinə nisbətən 2 dəfəyədək kiçik olması
müəyyənləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil
Nazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumat
verilib.
Bildirilib ki, ölkənin bütün rayonları üzrə torpaq ərazilərdə
radionuklidlərin paylanmasının tədqiqi bu torpaqlarda yalnız təbii
radionuklidlərin cüzi miqdarının əkin torpaqları üçün xarakterik
kiçik aktivliklərlə xarakerizə olunduğunu göstərir:
“İşğaldan azad edilmiş rayonları ərazilərində, o cümlədən,
İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə
zərbələrindən sonra cənub rayonlarında (İmişli, Beyləqan, Fizuli,
Horadiz, Cəbrayıl, Qubadlı, Lerik, Lənkəran və Astara) aparılmış
radiometrik ölçmələrin nəticələri də qeyd olunmuş göstəricilərlə
uyğunluq təşkil edir, yəni qeyd edilmiş hərbi münaqişə zamanı da
ölkəmizin əraziləri antropogen xarakterli radioaktiv çirklənməyə
məruz qalmayıb.
Əhalinin bu ərazilərlə ilin əksər müddətində fasiləsiz təması
halında belə ölkə ərazisində müşahidə edilmiş (və yuxarıda qeyd
olunmuş) radioaktiv şüalanma səviyyəsi ilə “Əhalinin Radiasiya
Təhlükəsizliyi haqqında” Qanununda göstərilmiş dinc əhali üçün yol
verilən illik udulan radioaktiv şüalanma dozası həddindən (100
milliRentgen və ya 1 milliZivert) artıq doza yaranması mümkün
deyil, yəni bu ərazilər əhalinin yaşaması üçün radioaktiv çirklənmə
cəhətdən tam təhlükəsizdir.
Yalnız Kəlbəcər rayonunun qərbindəki dağ massivində bəzi təbii
soyuq və isti su bulaqları ətrafında lokal sahələrdə təbii
radioaktiv fonun 2 dəfədən 15 dəfəyədək yüksək qiymətləri və həmin
bulaqlar ətrafındakı lokal sahələrdə suyun yer altından üzə çıxması
ilə yanaşı müşaiyətedici təbii radionuklidlərin kiçik
konsenrasiyalarının da üzə çıxaraq torpaq səthində akkumulyasiyası
təbii prosesi müşahidə edilir”.
Həmçinin, qeyd edilib ki, 2016-cı ildən başlayaraq Radiasiya
Problemləri İnstitutunun əməkdaşları tərəfindən respublikanın bütün
rayonlarında münbit torpaq layının, yaşıl bitki örtüyünün və bütün
böyük su mənbələrinin mineral tərkibləri, həmçinin mövcud olan iz
miqdarında təbii izotopların miqdarları təyin edilib, təbii
radioaktiv fonun ölçülməsi, radioaktiv şüalanma növlərinin
qiymətləndirilməsi aparılıb. Tədqiqatlar bu günədək mütəmadi olaraq
davam etdirilir. Tədqiqatların nəticələri aşağıdakı kimidir:
“Bakı şəhərinin yaşayış məntəqələrində təbii radioaktiv şüalanma
doza gücünün 0,011-0,035 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2,
sənaye zonalarında doza gücünün 0,035-0,045 mkrZv/saat, alfa
şüalanmanın 0,01-0,04 Bq/sm2, Sumqayıt şəhərinin yaşayış
məntəqələrində doza gücünün 0,015-0,035 mkrZv/saat, alfa
şüalanmanın 0 Bq/sm2, sənaye zonalarında doza gücünün 0,030-0,045
mkrZv/saat, alfa şüalanmanın 0-0,05 Bq/sm2 qiymətləri təyin
edilib.
Sədərək rayonunda təbii radioaktiv şüalanma doza gücünün
0,031-0,042 mkrZv/saat, alfa şüalanmanın 0-0,11 Bq/sm2, Naxçıvan
şəhərində və Ordubad rayonu ərazilərində doza gücünün 0,045-0,082
mkrZv/saat, alfa şüalanmanın 0-0,01 Bq/sm2, Beyləqan-İmişli
rayonları ərazilərində doza gücünün 0,031-0,042 mkrZv/saat, alfa
şüalanmanın 0 Bq/sm2 qiymətləri təyin edilib.
Ölkənin cənub, mərkəzi, şimal-şərq, şimal qərb rayonları
ərazilərində təbii radioaktiv şüalanma doza gücünün 0,011-0,140
mkrZv/saat, alfa şüalanmanın 0-0.03 Bq/sm2 qiymətləri təyin
edilib”.