
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrə
gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət
edib.
Trend
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.
Bildirilib ki, magistral və əsas yollarda hərəkət
intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən
sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.
BDYPİ-dən verilən açıqlamada qeyd olunur ki, yola çıxmazdan
əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin,
işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq
yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan
arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə
fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas
şərtlərindəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yol
hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla
yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə
də səbəb olur.