Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şamaxı rayonunun Mərzəndiyyə kəndində içməli su layihəsinin
birinci zonasının açılış mərasimi olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-ə verilən məlumata
görə, mərasimdən əvvəl Şamaxı şəhərində bu münasibətlə tədbir
keçirilib.

Bildirilib ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Xəlilov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya
Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, təşkilatların
rəhbərləri və əməkdaşları, o cümlədən Agentliyin və Şamaxı Rayon
İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.




Çıxışlar zamanı bildirilib ki, Mərzəndiyyə kənd sakinləri bu
günü səbirsizliklə gözləyirdilər. Artıq onlar keyfiyyətli və
dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, bu layihə
dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata
keçirilir. Mərzəndiyyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev
təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən
biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona
üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir.
Layihənin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və
keyfiyyətli içməli su ilə təmin olunmasıdır.

Tədbirdən sonra qonaqlar Mərzəndiyyə kəndində içməli suyun
açılış mərasimində iştirak ediblər. Kənd sakinləri bu işlərin
görülməsində əməyi olan hər kəsə, təşkilatçılara, mühəndislərə, bu
sahədə çalışan işçilərə və dəstək verən bütün qurumlara dərin
təşəkkürünü bildiriblər.

Qeyd edilib ki, layihə zamanı su buraxıcılar, hava buraxıcı
qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar
quraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesi
mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və
çox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək.
Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos
Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos
aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olan
polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon
İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində
63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr
uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir