
Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində
(HDQ) “Gəminin sualtı təxribat əleyhinə müdafiəsinin təşkili” və
“Gəminin dayanacaqda davamlılıq uğrunda mübarizəsinin təşkili”
mövzularında təlimlər keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin məqsədi şəxsi heyətə gəminin sualtı diversiya
əleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə də
gəminin dayanacaqda baş verə biləcək fövqəladə hallar zamanı
davamlılıq uğrunda mübarizəyə hazırlıq səviyyəsini yoxlamaq
olub.
Təlimlərdə həmçinin gəminin dayanacaqda yanğına qarşı hazırlıq
vəziyyəti, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların
ərazidən təxliyə olunması qaydaları praktiki olaraq məşq etdirilib.
Qəza partiyasının davamlılıq uğrunda mübarizə fəaliyyəti, eləcə də
gəmidə baş verə biləcək yanğınların növünə və yerinə uyğun tətbiq
ediləcək mübarizə üsulları yerində göstərilərək yoxlanılıb.
Keçirilmiş təlimlər müvəffəqiyyətlə başa çatıb. Təlim rəhbərləri
şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək
qiymətləndiriblər.

