
Bakı. Trend:
Təsəvvür edin ki, qonşunuzun hərbi texnikası səhvən sizin
evinizi dağıdır. Siz üzrxahlıq, bərpa təklifi, araşdırma və
günahkar sürücünün cəzasını gözləyirsiniz. Fəqət aylar sonra
qonşunuzun idarə şirkətindən şən bir press-reliz gəlir: illərlə pul
ödədiyiniz sığorta şirkətiniz, nəhayət ki, öz vəzifəsini yerinə
yetirib və sizə kompensasiya ödəməyə başlayıb. Qonşu isə qətiyyətlə
bildirir: “Məsələ bağlandı!” Ardınca da sizi “pozucu niyyətlər”də
suçlayır.
Sadəcə ədalət barədə suallar verdiyiniz üçün.
Absurd görünür? Elə Moskvanın bu gün oynadığı siyasi-hüquqi
teatr da eynən belədir. 25 dekabr 2024-də Rusiya ordusu tərəfindən
vurulan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer E190AR”
sərnişin təyyarəsinin faciəsi ətrafında Kremlin qurduğu duman
pərdəsi budur. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlama
klassik siyasi ekvilibristika, dövlət məsuliyyətini kommersiya
müqaviləsinin “parlaq üz qabığı” ilə gizlətmək cəhdidir. Amma nə
milyard rubl, nə də aqressiv ritorika üç sadə anlayışın yoxluğunu
gizlədə bilir: günah, üzr və ədalət.
Biz, beynəlxalq hüquq, aviasiya sığortası və siyasi təhlil
mütəxəssisləri olaraq, bu məsələnin soyuq başla, peşəkar təhlilini
aparmağın vacib olduğunu düşünürük. Rusiyanın açıqlaması emosional
yox, faktları manipulyasiyadan ayıran ciddi ekspertizasını tələb
edir.
Kağız üzərində Moskvanın açıqlaması təsirli görünür. Rəqəmlər,
doğrudan da, böyükdür: AZAL-a məxsus təyyarəyə görə 1 milyard 3
milyon rubl (12 milyon dollardan çox) ödəniş, həlak olan 62
nəfərdən 46-nın ailəsinə isə 358,4 milyon rubl (4 milyon dollardan
artıq) vəsait. Rusiya bunu “xoşməramlı jest” kimi təqdim edir və
“öhdəlikləri yerinə yetirdiyini” vurğulayır.
Amma şeytan detallarda gizlənir. Əslində, burada dövlətin
günahını etirafı yox, sadəcə AZAL-ın illərlə ödədiyi sığorta
haqqının nəticəsi var. Yəni bu, Rusiyanın səmimi üzrxahlığı və ya
kompensasiyası deyil, adi kommersiya müqaviləsinin icrasıdır.
“AlfaSığorta” (“AlfaStraxovanie”) şirkətinin ödədiyi pullar
“təyyarənin tam itirilməsi” və sərnişinlərə görə məsuliyyət
sığortasının mexanizmi çərçivəsində həyata keçirilən normal
prosedurdur.
Bakı bu oyunu dərhal açdı. Azərbaycan XİN-in mətbuat katibi
Ayxan Hacızadə soyuqqanlı şəkildə məsələni iki ayrı mövzuya bölərək
dedi ki, bunlar “tamamilə fərqli məsələlərdir”. Diplomatik dillə
ifadə etsək, mesaj belə idi: “Biz sadəlövh deyilik, dövlət
borcunuzla bizim sığorta məsələmizi qarışdırmayın”.
Moskvanın manipulyasiyasını tam anlamaq üçün iki fərqli hüquqi
reallığın mövcudluğunu dərk etmək lazımdır. Onlar paralel gedir,
amma kəsişmir.
Birinci reallıq kommersiya müqavilələri və xüsusi hüquqdur.
Burada əsas sənəd 1999-cu il Monreal Konvensiyasıdır. Həm Rusiya,
həm də Azərbaycan bu “hava nəqliyyatının konstitusiyası”nı
ratifikasiya edib.
Hüquqi baza: Konvensiya aviaşirkətin sərnişinlər qarşısında
obyektiv, yəni təqsirsiz məsuliyyət prinsipini müəyyənləşdirir. Bu,
o deməkdir ki, faciə baş verəndə ailələrin kompensasiya alması üçün
aviaşirkətin günahını sübut etməyə ehtiyac yoxdur. Ölümlə
nəticələnən hər bir qəza avtomatik əsasdır. Konvensiya həmçinin
maliyyə limitlərini də dəqiqləşdirir: 21-ci maddəyə görə, hər
sərnişinə görə 128,821 SDR həcmində kompensasiya nəzərdə
tutulur.
Sığorta mexanizmi: Bu risklərin ödənməsi üçün aviaşirkətlər
mütləq sığorta müqaviləsi bağlamalıdır. Burada iki polisdən söhbət
gedir: təyyarənin özünün sığortası (Hull Insurance) və sərnişin
məsuliyyət sığortası (Passenger Liability Insurance).
… “AlfaSığorta”nın AZAL-a ödədiyi 1,003 milyard rubl – sadəcə
“tam itki” riskinə görə ödənişdir. Ailələrə edilən ödənişlər isə
sərnişin məsuliyyəti üzrə sığorta polislərinin icrasıdır.
Ən mühüm məqam odur ki, bu mexanizm təyyarəni meteorit vursa da,
quş sürüsü ilə toqquşsa da, texniki nasazlıqdan qəzaya uğrasa da
eyni qaydada işə düşərdi. Yəni burada “günahkar kimdir” sualının
cavabı heç bir rol oynamır. AZAL-ın sığortası sırf kommersiya
prosesidir. Bunun Rusiya dövlətinin məsuliyyətini etiraf
edib-etməməsi ilə heç bir əlaqəsi yoxdur.
Burada isə artıq tam başqa qaydalar qüvvəyə minir. Söhbət
kommersiya müqaviləsindən yox, BMT tərəfindən kodlaşdırılmış
dövlətlərin beynəlxalq məsuliyyətindən gedir. Azərbaycanın tələbi
sığorta şirkətinə deyil, beynəlxalq hüququn subyekti olan Rusiya
Federasiyasının hökumətinə ünvanlanıb.
Əsas sənəd – BMT Beynəlxalq Hüquq Komissiyası tərəfindən
hazırlanaraq 2001-ci ildə BMT Baş Assambleyasının 56/83 saylı
qətnaməsi ilə qəbul olunmuş “Dövlətlərin beynəlxalq hüquqa zidd
əməllərə görə məsuliyyətinə dair maddələr”dir.
Sənəd beynəlxalq adət hüququnun qəbul edilmiş normalarının
kodifikasiyasıdır. 2-ci maddə beynəlxalq hüquqa zidd əməli –
dövlətin beynəlxalq öhdəliyini pozan və ona aid edilə bilən hərəkət
və ya hərəkətsizlik kimi müəyyən edir.
4-cü maddədə bildirir ki, dövlətin bütün orqanlarının, o
cümlədən silahlı qüvvələrin hərəkətləri birbaşa həmin dövlətin
əməli sayılır. Çeçenistanda yerləşən Rusiya HHM bölmələrinin əməli
də istisnasız olaraq Rusiya Federasiyasına aid edilir.
31-ci maddə “tam təzminat” prinsipini təsbit edir. Bu prinsipə
görə, təzminat hüquqa zidd əməl nəticəsində yaranmış bütün
nəticələri aradan qaldırmalı və vəziyyəti “əgər bu əməl baş
verməsəydi necə olardısa” o formaya qaytarmalıdır.
Tam təzminat beynəlxalq hüquqa görə üç əsas hissədən
ibarətdir.
Birincisi, kompensasiya – zərərçəkmişlərə günahkar dövlətdən
birbaşa maddi və mənəvi ziyanın ödənilməsidir. Bu, sığorta
ödənişlərindən əlavədir.
İkincisi, satisfaksiya, yəni maliyyə vəsaiti ilə ölçülməyən
məsələdir. Buraya rəsmi günah etirafı, ictimai üzr, başsağlığı və
ən əsası obyektiv istintaq, məhkəmə və əmri verənlərlə düyməni
basanların cəzalandırılması daxildir.
Üçüncüsü isə restitusiya, yəni hadisədən əvvəlki vəziyyətin
bərpasıdır. 62 nəfərin həyatı təbii və təəssüf ki, geri qaytarıla
bilməz.
Azərbaycan məhz bu ikinci reallıq üzrə ədalət tələb edir. Bakı
sığorta pulunun dalınca düşmür – Rusiya dövlətindən öz günahını
etiraf etməyi, Azərbaycan xalqından üzr istəməyi, itirilmiş
həyatların əvəzini ödəməyi və günahkarları ədalət məhkəməsi
qarşısına çıxarmağı tələb edir. Amma cavabında yalnız kommersiya
müqaviləsinin bank köçürmələrinin səsi eşidilir.
Moskvanın mövqeyi təəccüb doğurmaya bilməz, çünki beynəlxalq
praktikada oxşar faciələrə dövlətlər tərəfindən verilmiş cavablar
açıq-aydın nümunədir.
1988-ci ildə ABŞ hərbi gəmisi “Vincennes” səhvən İranın “Airbus
A300” sərnişin təyyarəsini vurdu. Vaşinqton hadisəni “faciəvi səhv”
kimi qəbul etdi və sığortanın arxasında gizlənmədi. 1996-cı ildə
ABŞ İrana 131,8 milyon dollar ödəməyə razılaşdı: 61,8 milyonu
ailələrə, 70 milyonu təyyarəyə görə. Bu, dövlətlərarası birbaşa
ödəniş presedenti idi.
Eyni ildə baş verən Lokerbi terrorunda isə Liviya illərlə
məsuliyyəti inkar etdi, amma beynəlxalq təzyiqlər altında öz xüsusi
xidmətlərinin məsuliyyətini etiraf etdi və 270 qurbanın hər birinə
10 milyon dollar ödəməyi qəbul etdi. Bu, sığorta yox, günahın
qiyməti idi.
2020-ci ildə İran HHM qüvvələri Tehran səmasında səhvən
Ukraynanın “Boeing-737” sərnişin təyyarəsini vurdu. Tehran cəmi üç
gün gerçəyi inkar etdi, sonra sübutların təzyiqi altında etiraf
etdi. İran hökuməti hər ailəyə 150 min dollar ödəməyi öhdəsinə
götürdü və dövlətlərarası danışıqlara başladı.
2001-ci ildə isə Ukrayna HHM təlimləri zamanı Rusiyanın “Sibir”
aviaşirkətinə məxsus “Tu-154” sərnişin təyyarəsini vurdu. Moskva
həmin vaxt Kiyevdən məhz dövlət günahının etirafını və birbaşa
kompensasiya tələb edirdi, sığorta yox. Ukrayna əvvəlcə inkar etsə
də, sonra məsuliyyəti qəbul etdi və ödəniş etdi.
Bu presedentlərin fonunda Rusiya bu gün özünü sanki XX əsrin
əvvəllərindəki kimi aparır – açıq-aşkarı inkar edir, sükut
divarının arxasında gizlənməyə çalışır. Amma dünya dəyişib.
Bu faciə sadəcə bir aviasiya qəzası deyildi. O, Bakı ilə Moskva
arasında uzun illər boyu yığılıb qalmış, amma gizli saxlanılan
etimad böhranının açıq siqnalına çevrildi. Azərbaycan XİN-in
bəyanatında təsadüfən deyil ki, başqa “ağrı nöqtələri” də
xatırladılır: Rusiyada azərbaycanlıların təqibi, Bakıda saxlanılan
13 Rusiya vətəndaşı məsələsi, eləcə də Azərbaycanın maraqlarına
qarşı yönəlmiş bəzi rus dövlət strukturlarının fəaliyyəti.
Təyyarənin vurulması bu parçalı problemləri vahid və sistemli
böhran tablosuna çevirdi.
Moskvanın həmin saxlanmaları təzyiq vasitəsi və ya
münasibətlərin soyuması üçün bəhanə kimi təqdim etməsi inandırıcı
deyil. Bu hadisə böhranın səbəbi yox, nəticəsidir. Rusiya XİN-in
bəyanatı hüquqi sənəd yox, sırf siyasi mesajdır. Onun hədəfi də
müxtəlif auditoriyalardır. Daxili auditoriya üçün əsas vurğu rublla
ölçülən milyardlara edilib – guya “Rusiya hər şeyi ödəyib, borcunu
yerinə yetirib”, qalan narazılıqlar isə guya düşmən qüvvələrin
fitnəsidir.
Xarici auditoriya üçün məqsəd sadəcə texniki hesabatla məsələnin
üstünü örtmək, dövlət məsuliyyətindən yayınmaqdır.
Azərbaycan auditoriyası üçün isə mesaj açıqdır: “Sizə
göstərdiyimiz bu “səxavətə” minnətdar olmalısınız”.
Amma bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik və
bunu sübut edə bilərik… Sual yaranır ki, niyə onlar hər bir
qonşunun edəcəyi sadə addımı atmır?. Bu sadə sualda məsələ tam
aydın ifadə olunub. Burada söhbət artıq beynəlxalq hüququn mürəkkəb
mexanizmlərindən yox, qonşuluq münasibətlərinin, ləyaqətin və
insani vicdanın əsas prinsiplərindən gedir.
Rusiyanın sığorta şirkətinin maliyyə hesabatının arxasında
gizlənməsi strateji səhvdir. Bu, onun Azərbaycanı bərabər tərəfdaş
kimi görmədiyini, xalqın kədərinə və milli heysiyyətinə hörmət
etmədiyini göstərir.
Məzkur addım təkcə ikitərəfli münasibətləri yox, həm də
Rusiyanın beynəlxalq hüquq normalarına riayət edən dövlət kimi
imicini yerlə-yeksan edir. Əgər Moskva məsuliyyəti boynuna almaqdan
yayınmaqda davam edərsə, bu, uzunmüddətli və dağıdıcı nəticələr
doğuracaq.
Hüquqi planda Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etmək
imkanları yaranacaq. Siyasi planda etimadın birdəfəlik itirilməsi
və münasibətlərin daha da pisləşməsi qaçılmaz olacaq ki, bu da
Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Reputasiya
baxımından isə Rusiya öz silahlı qüvvələrinin əməllərinə görə
məsuliyyət daşımaq iqtidarında olmayan dövlət kimi
damğalanacaq.
AZAL-ın “J2-8243” reysi ilə bağlı həqiqət rublla basdırıla
bilməz. Azərbaycan üçün bu, artıq prinsip məsələsinə, milli
heysiyyət məsələsinə çevrilib.
Moskva günahı etiraf edib üzr istəməyincə, ədalət təmin
olunmayınca, o günahkarlar tribunal qarşısına çıxarılmayınca iki
ölkənin səması həmişə həmin qara kölgə altında qalacaq.
Vurulmuş təyyarənin kölgəsi isə heç bir, hətta ən böyük
məbləğdəki sığorta ödənişləri ilə də dağıdılmayacaq.