
Bakı. Trend:
Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində
yalan danışır.
Bunu Trend
agentliyinə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir
Caysvalın guya rəsmi Dehlinin Azərbaycan ŞƏT-ə üzvlüyünü
əngəlləmədiyi haqda aşıqlamasını şərh edən diplomatik mənbə
bildirib.
Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə
üzvlüyünün guya “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığını
iddia edib.
Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz
Hindistan bloklayıb bu prosesdə dirijorluğu isə Rusiya edib.
“Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idi
müzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanın
üzvlüyünə qarşı çıxıb. Üzvlüyün əngəllənməsinin məhz Hindistanın
təşəbbüsü olduğuna digər üzvlər də şahid olub.
Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu
addımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”na
zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in
genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul
olunduğunu anladğından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.
Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədər
məhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalan
açıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuz
gedişdir”, – deyə mənbə bildirib.
Mənbə onu da qeyd edib ki, indiyədək Azərbaycan çoxtərəfli
diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş
Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və
bu prinsipi pozmayıb. Amma Dehlinin bu ucuz və düşmənçi mövqeyinə
cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə
eyni yanaşma olmayacaq:
“Əgər Hindistan bütün normaları pozaraq açıq düşmənçilik xəttini
istəyirsə, bundan sonra Dehlinin bütün qətnamələri, o cümlədən,
2014-cü ildə BMT BA-da Hindistanın təqdim etdiyi və Azərbaycanın da
qoşulduğu Beynəlxalq Yoqa Gününün təsis edilməsinə dair qətnamələr
kimi sənədlərin də artıq konsensusla deyil, səsvermə ilə qəbul
olunmasına təkid edəcəyik. Eyni yanaşma bütün beynəlxalq
platformalarda ortaya qoyulacaq”.