
Bakı. Trend:
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin
nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən
Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.
Trend
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat
yayıb.
Bildirilib ki, 6 sentyabr 2025-ci il tarixində açılış mərasimi
baş tutan tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən
təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional
təşkilatların təmsilçiləri yer alıb. Media, beyin mərkəzləri,
dövlət qurumları, biznes sektoru və akademik müəssisələrin
nümayəndələrini bir araya gətirən Forum sülh üzrə konsensusun
qurulması, inkişafın təşviqedici amillərinin müəyyənləşdirilməsi,
yeni əməkdaşlıq yollarının araşdırılması və sivilizasiyalar
arasında dialoqun inkişaf etdirilməsi sahəsində dərin müzakirələrin
aparılması üçün imkan yaradır.
Forum çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq
Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua
arasında imzalanmış “Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyi və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi
arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.
Qeyd edək ki, Forum plenar sessiya, 4-cü Yunnan Beynəlxalq
Kommunikasiya Forumu, Süni İntellekt Texnologiyası və Media Forumu,
Qlobal Cənub Beyin Mərkəzləri Forumu, Qlobal Cənub Gənclər Dialoqu
və Qlobal Cənub Dünya İrsi Forumu kimi əsas tədbirləri də əhatə
edir.