
Bakı. Trend:
Astarada zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb
olub.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Astara rayonunda məişət şəraitində baş verən
hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Qida
Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb:
“Araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş
verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən
edilib. Belə ki, Astara rayon sakinlərinin 03.09.2025-ci il
tarixində Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi
oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində
bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri
məlum olub.
Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan
nümunələr götürülərək, laborator analizlərə cəlb edilib.
Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları
istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə,
gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin
vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında
çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar
tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad
edilməlidir”.

