Qarşıdakı üç gün ərzində milli komanda ətrafında ajiotaj qaldırmaq lazım deyil – Vaqif Sadıqov

Baş səhifə

Bakı. Trend:

Bu nəticəni heç kim gözləmirdi. İslandiya “dişimizə uyğun” rəqib
idi. Fernandu Santuşun 11-ci oyununu nəzərə alaraq, düşünülürdü ki,
get-gedə oyunda müsbət dəyişikliklər olacaq. Lakin dünənki matçda
tam fərqli oyun gördük.

Bu fikirləri Trend-ə açıqlamasında AFFA-nın Məşqçilər
Komitəsinin sədri Vaqif Sadıqov
Azərbaycan millisinin
İslandiyaya 5 cavabsız qolla məğlubiyyətini şərh edərkən deyib.

V.Sadıqovun sözlərinə görə, F.Santuşun oyundan öncəki çıxışları
ümid verirdi ki, komanda oyuna köklənib, azarkeşləri sevindirmək
üçün əlindən gələni edəcək:

“Amma oyunu izləyərkən tam fərqli mənzərənin şahidi olduq. İlk
dəqiqələrdən komanda müdafiəyə qapandı. Hiss olunurdu ki, gec-tez
qapımızdan top buraxacağıq. Elə də oldu. Birinci hissənin sonu və
ikinci hissənin əvvəlində vurulan qoldan sonra kollektiv,
ümumiyyətlə, komanda adını daşımağa layiq deyildi. Komandanı
meydanda görmədik. Ən böyük problemlərdən biri də budur. Biz
oyundan-oyuna F.Santuşdan tam fərqli yığma gözləyirdik. Ancaq
gördüyümüz o oldu ki, bizdən heç də güclü olmayan bir rəqiblə
oyunda acınacaqlı məğlubiyyətlə barışmalı olduq”.

Təcrübəli mütəxəssis böyükhesablı məğlubiyyətdən danışarkən
millimizin sabiq məşqçilərini də xatırlayıb:

“Karlos Alberto Torres Polşada 0-8 hesablı məğlubiyyətdən sonra,
Berti Foqts isə Xorvatiyada 6 top buraxandan sonra komandanı tərk
etdi. Hər ikisi axşamüstü çamadanını yığıb getmişdi. Onlar özləri
düşünüb dərk etmişdilər ki, bundan sonra komandaya xeyir verə
bilməyəcəklər. Həmin vaxtlar da hamı soyuq başla 3 gün sonra baş
tutacaq oyun barədə düşünürdü. Çünki atılacaq hər hansı addım
komandanın əhval-ruhiyyəsinə məğlubiyyətdən də pis təsir edə
bilərdi. İkinci oyunu gözləmək məsləhət görülürdü.




Şahin Diniyevin vaxtında Polşada 0-5 hesablı məğlubiyyətdən
sonra komanda Bakıya gələndə rəhbərlik səviyəsində iclas çağırıldı.
Orada iştirak edənlərdən biri də mən idim. Sırf mənim təklifim oldu
ki, ağır Finlandiya oyunu öncəsi komandaya dəstək göstərməliyik. Və
elə alındı ki, komandamız Finlandiyaya qarşı yaxşı oyun
sərgiləməklə qələbə qazandı”.

Sabiq məşqçi vurğulayıb ki, hazırkı vəziyyətdən çıxış yolunun nə
olduğunu demək çox çətindir:

“Pisi də, yaxşısı da yığma bizimdir. Reallıq, heyif ki, bizim
xeyrimizə deyil. Bundan əlavə, məşqçinin müqaviləsinin bütün
şərtlərindən xəbərimiz yoxdur. Digər tərəfdən 3 gün sonra bundan da
ağır – Ukrayna ilə oyun var. Bütün bunları nəzərə alaraq, qarşıdakı
üç gün ərzində komanda ətrafında ajiotaj qaldırmaq lazım deyil. Bu,
oyunçulara psixoloji təsir göstərəcək. Ukrayna ilə oyuna köklənib
komandaya dəstək olmalıyıq”.

AFFA rəsmisi “F.Santuşun azı bir oyunluq millinin sükanı
arxasında qalmalıdırmı” sualına isə belə cavab verib:

“Fikrim istər-istəməz ona yönəlir. Çünki bunun obyektiv və
subyektiv səbəbləri var. Birdən-birə sırf F.Santuşda bütün
günahları görmək nə qədər düzgündür, düzgün deyil? Düzdür,
komandanın oyununa, nəticəyə cavabdeh olan şəxs F.Santuşdur. Lakin
o da çıxışında bildirir ki, müqavilə şərtlərini yerinə yetirir.
Komandanın oyununa görə ürəyim ağrıyır. Mən heç bir məğlubiyyətlə
barışa bilmirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir