Nizami Kino Mərkəzində “Haqqın Zəfəri” tədbiri keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Türk dünyasının
şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsinin icrasını
yekunlaşdırıb.

Trend xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi “Facebook” hesabında paylaşım edib.

Layihə çərçivəsində 2025-ci il sentyabrın 4-də Nizami Kino
Mərkəzində Azərbaycan Ordusunun həyata keçirdiyi
dövlət suverenliyinin tam bərpası əməliyyatının 2-ci ildönümünə,
Vətən Müharibəsində qələbənin 5 illiyinə həsr olunan “Haqqın
Zəfəri” adlı tədbir keçirilib.

Tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq
xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və
Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk
dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad
edilməsi ilə başlayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc
Orucova layihənin həm şəhid ailələrinin birliyinin, həm də Türk
dünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayıb, layihə barədə ətraflı
danışıb.




Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə
Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid
Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri
üzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhid
ailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin KİV
təmsilçiləri iştirak ediblər.
Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində
Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş
Azərbaycandan olan şəhid ailələri ilə birgə layihələrin
əhəmiyyətini qeyd edib.

Vətən müharibəsi şəhidi Famil Həsənovun və antiterror
əməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova,
antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant Əkrəm
Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova, Türkiyə Silahlı
Qüvvələrinin şəhidi Eril Alperen Emirin anası Halide Serap Emir
qəhrəman şəhidlərimizin fədakarlığının xalqımız üçün qürur mənbəyi
olduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını və
Azərbaycanla Türkiyənin qardaşlıq bağlarının bu qəhrəmanlıq
nümunələri ilə daha da möhkəmləndiyini qeyd ediblər.

Tədbir Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyeva,
Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov,
həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət
göstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinin
tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor və
şəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupunun
ifalarından ibarət bədii hissə ilə davam edib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyidir.