
Bakı. Trend:
Bu gün Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı
ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti
və ehtiyaclarına cavab verilməsi” adlı yüksək səviyyəli nazirlər
iclası baş tutub. İqlim danışıqları prosesində Afrika qitəsi üçün
ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti
və ehtiyacları ilə bağlı tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbə
şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil
olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq
təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak
edib.
Trend xəbər verir
ki, iclasın açılış mərasimində COP29 Sədri Muxtar Babayev, COP30-un
müəyyən edilmiş Sədri Andre Korrea do Laqo, Efiopiyanin
planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika
İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və
UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış
ediblər.
Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli
gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə
ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş
qərarların əhəmiyyətinə vurğu edib. O, COP29 Sədrliyinin bütün
tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını
və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların
diqqətinə çatdırıb.
COP30-un müəyyən edilmiş Sədri A.K. Laqo Afrikanın çağırışlarını
diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29
Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət
yetirilməsi ənənəsinin COP30 Sədrliyi tərəfindən davam
etdiriləcəyini bildirib.
Efiopiyanin planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin
iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu
vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də
ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna
verdiyi töhfəyə görə təşəkkür edib.
Afrika İttifaqının nümayəndəsi səfir A. Alcovaili və UNFCCC
Afrika danışıqçılar qrupunun Tanzaniyadan olan sədri R. Muyunqinin
açılış çıxışlarından sonra tədbir iki plenar iclasla davam edib.
Afrika ölkələrinin müvafiq nazirləri və yüksək səviyyəli
nümayəndələri qitənin iqlim dəyişmələri kontekstində xüsusi
vəziyyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında
öz əksini tapdığını və iqlim danışıqlarında bu məsələnin nəzərə
alınmalı olduğunu vurğulayıblar. Onlar beynəlxalq diqqətin
Afrikanın xüsusi vəziyyətinə yönəlməsinə əhəmiyyətli töhfə verən bu
tədbirin təşkilinə, habelə yaradılmış imkana görə Azərbaycan COP29
Sədrliyini alqışlayıblar.
Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum
nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi
apararaq, beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı Afrikanın öncülük
edəcəyi həll yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.
Yüksək-səviyyəli nazirlər iclasına COP29 Sədri Muxtar Babayev və
COP30-un müəyyən edilmiş Sədri Prezidenti M.Babayev və Andre Korrea
do Laqonun bağlanış nitqi ilə yekun vurulub.