
Bakı. Trend:
Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq Qastronomiya
Günləri çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət
göstərəcək.
Trend xəbər verir
ki, pavilyonumuz ölkəmizin Fransadakı səfirliyi və “Azərbaycan
Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata
keçiriləcək.
Sentyabrın 11-dən 14-dək Azərbaycan pavilyonunda mətbəximizin
inciləri – ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və
rəqs nümunələri də nümayiş etdiriləcək.
Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyük
turizm menecmenti şirkətlərindən olan “Gabala Hospitality Group”
iştirak edərək, qonaqları Azərbaycanın qastronomik turizm
istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış
edəcək. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov
ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən
yeməkləri təqdim edəcəklər. Həmçinin yerli şərablar, müxtəlif milli
məhsullar iştirakçılara təqdim olunacaq.
Ziyarətçilərə “Happy Day Cake” şirniyyat evinin hazırladığı
paxlava və şəkərbura təqdim olunacaq. Bununla yanaşı, iştirakçılar
Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış
olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı
ildən etibarən keçirilir və bu il festival çərçivəsində 60-dan çox
ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən
nümayəndələr bir araya gəlirlər. Tədbiri 40 mindən çox insan
ziyarət edir.