SOCAR ilə “UCC Holding” arasında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb

Baş səhifə

Bakı. Trend:

SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji
bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma
memorandumları imzalanıb.

Bu barədə Trend
SOCAR-dan məlumat verilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın
Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, “UCC Holding”in sədri
Moutaz əl-Xayyatın və digər yüksək səviyyəli rəsmi şəxslərin
iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti
Rövşən Nəcəf və “UCC Holding”in prezidenti Ramez əl Xayyat
imzalayıblar.




Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün
istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı,
nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və
neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya
yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə
malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının
tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb
Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə
dair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət
daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir
təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə
verəcək.

Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və “UCC
Holding”in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji
bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə
tutur.