
Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Qətərə səfəri
çərçivəsində keçirilmiş görüşlərdə bu ölkə ilə iqtisadi
əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə dair
müzakirələr aparılıb.
Trend xəbər verir
ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi
nümayəndə heyəti Qətərə səfər edib. Səfər çərçivəsində bir sıra
görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair
müzakirələr aparılıb.
Azərbaycanın iqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri və
xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al
Taninin qəbulunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq
münasibətlərinin gücləndiyi, tərəfdaşlığın inkişafında yüksək
səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçün
yaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətin
inkişaf perspektivləri qeyd olunub.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin
Əbdülrəhman bin Casim Al Tani ölkəsinin Azərbaycanla
münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə
əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin
genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz
arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi
istiqamətlərini dəyərləndiriblər.
Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal
Al Tani ilə görüşdə diqqətə çatdırılıb ki, Qətərlə ticarət
əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritet
məqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılması
hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdə
ölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqında
məlumat verilib, yaşıl texnologiyalar, kənd təsərrüfatı,
infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritet
istiqamətlərə investisiyaların artırılması imkanları nəzərdən
keçirilib.
Qətər Investisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif
Al-Suveydi ilə görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin
gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qarşılıqlı
sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes
subyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi
kimi məsələlər müzakirə olunub.
Qətərin “Power International Holding”in Direktorlar Şurasının
sədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlı
faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib.
Şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və
birgə layihələrin icrası imkanları dəyərləndirilib.
Səfər çərçivəsində SOCAR-la Qətərin UCC holdinqi arasında enerji
sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Anlaşma
memorandumlarını SOCAR-ın prezidenti Rövşən Nəcəf və UCC
holdinqinin prezidenti Ramez Al-Xayyat imzalayıblar. SOCAR və
Qətərin UCC holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü
ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji
layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərin
imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda
tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun
bərpası, regionun davamlı inkişafı baxımından əhəmiyyət kəsb
edir.