Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər
arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

Trend xəbər verir
ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla
tamamlayıb.

İlk yarış günündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd
Musayev (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medal
qazanıb. Nizami İmranov (66 kiloqram) isə turniri bürünc medalla
tamamlayıb.




Daha əvvəl yeniyetmələr arasında ikiqat dünya çempionu olan
Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl
medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kiloqram
çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir
əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə
turnirində medal qazanması olub.

Qeyd edək ki, Fərid Qarayev (60 kiloqram) yarışı 5-ci, Əbil
Yusubov isə 7-ci pillədə başa vurub. Aktivində 2 qızıl və 1 bürünc
medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar
arasında birinci yeri tutub.