
Bakı. Trend:
Böyük Britaniyada alim Albert Eynşteynə (1879-1955) məxsus
skripka hərraca çıxarılacaq. Təxmini qiyməti 200-300 min
funt-sterlinq (təxminən 270-405 min dollar) arasında
qiymətləndirilir.
Trend xəbər verir
ki, bu barədə oktyabrın 8-də hərrac keçirəcək İngiltərənin Dominic
Winter hərrac evi məlumat yayıb.
Məlumata görə, gələcək Nobel mükafatı laureatı və nisbilik
nəzəriyyəsinin müəllifi skripkanı 1890-cı illərin ortalarında,
Sürix Politexnik Məktəbində təhsil almaq üçün İsveçrəyə getməzdən
əvvəl Almaniyada əldə edib. 1930-cu illərdə nasistlər hakimiyyətə
gələndə Eynşteyn ABŞ-a mühacirət edir və əşyalarını fizik yoldaşı
Maks fon Lauya verərək qorunmasını təmin edir. Bu əşyalar arasında
skripka, atasının hədiyyəsi olan velosiped və fəlsəfə kitabı da
olub.
Eynşteyn uşaq yaşlarında anası Paulinanın təşəbbüsü ilə skripka
çalmağa başlayıb və bu həvəsi ömrü boyunca davam edib. O, tez-tez
dostları üçün Motsart, Bax və Bethovenin əsərlərini ifa edib.