Yaponiya sahil mühafizəsi gəmilərini “Starlink” interneti ilə təchiz edəcək

Baş səhifə

Bakı. Trend:

Yaponiya sahil mühafizəsi rabitə imkanlarını gücləndirmək üçün
gəmilərində “Starlink” peyk internetindən istifadə etməyi
planlaşdırır.

Trend “Nikkei”yə
istinadən xəbər verir ki, 2026-cı ilin martınadək 66 gəmi, növbəti
il isə əlavə 16 gəmi “Starlink” avadanlığı ilə təchiz ediləcək.
Sistem, xüsusilə Tokio ilə Pekin arasında mübahisəli Senkaku
(Diaoydau) adaları yaxınlığında patrul missiyalarında tətbiq
olunacaq.




Bundan başqa, dörd hidroqrafik tədqiqat gəmisi də “Starlink”
bağlantısı ilə təmin ediləcək. Cari maliyyə ili üçün layihəyə 4,26
milyard ien (təxminən 29 milyon dollar) ayrılıb. Bu vəsait
“Starlink” terminallarının quraşdırılmasına, şifrələnmiş rabitə
avadanlıqlarına və kiberhücumlara qarşı müdafiə texnologiyalarına
sərf ediləcək.

Hazırda sahil mühafizəsi sabit peyk rabitəsindən istifadə edir,
lakin “Starlink”in hava şəraitindən daha az asılı və kiberhücumlara
qarşı davamlı olduğu bildirilir.