DİM bu gün əlavə imtahanlar keçirəcək

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış
imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci
sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər
üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən
Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə
bilməyən şagirdlər bu gün imtahan verəcəklər.

DİM-dən Trend
bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan
şəhərlərində təşkil olunacaq.

İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam
(11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə
tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə
imtahan verəcək.

Bugünkü imtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7
ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə)
əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi
başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaqlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır.




Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).