
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz
rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş
verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə
məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar hadisə
yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz
rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri
cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Nissan Note” markalı minik avtomobilinin yoldan çıxaraq
ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və
sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə
qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan
sürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını
xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.