
Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Belarusiyanı mövcud kommersiya və ya şəxsi yollarla tərk etməyi və bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib.
APA xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.
“Belarus demokratik ölkə deyil və Polşaya dost münasibət göstərmir. İstərdik ki, bu xəbərdarlıqlar mümkün qədər ciddi qəbul olunsun”, – Polşa XİN-in mətbuat katibi Pavel Vronski bildirib.
Radiostansiyanın məlumatına görə, sərhədlərin bağlanması və digər gözlənilməz hallarda təxliyə çətinləşə və hətta mümkünsüz ola bilər.
Qeyd olunur ki, dərmanların daşınması üçün vətəndaşların tibbi resept və ya preparatların adları və dozası göstərilən arayış təqdim etməsi vacibdir.

