Sosial şəbəkə platformaları:

Baş səhifə

Statistik göstəricilər

“Sosial şəbəkə platformaları” coğrafi əhatəsinə, istifadəçi sayına, məzmun paylaşımına görə şərti olaraq 3 qrupa bölünürlər. Qlobal səviyyəli sosial şəbəkə platformaları, regional əhatəyə malik platformalar və icmalar üzrə ixtisaslaşmış platformalar kimi təsnifatlaşdırılırlar.

Rəsmi olaraq dünya miqyasında neçə “sosial şəbəkə platforması” olduğunu dəqiq müəyyən etmək çətindir. Statistik məlumatlara əsasən, hazırda onların ümumi sayı 200-dən çoxdur.

Bununla belə, sosial şəbəkə platformaları sırasında birinin digərindən üstünlüyünü müəyyən edən meyarlar mövcuddur. Aylıq aktiv istifadəçi sayı 100 milyon nəfərdən çox olan platformalar daha üstün hesab olunurlar. Hazırda 100 milyon nəfərdən çox aylıq aktiv istifadəçi sayına malik olan platformaların sayı 25–30 civarındadır. Siyahıya Facebook, YouTube, WhatsApp, Instagram, TikTok, WeChat, Messenger, Telegram, LinkedIn, Snapchat, Douyin, Kuaishou, Weibo, QQ, Qzone, Reddit, Pinterest, Bilibili, Skype, Teams, Twitch, Line, Viber, Xiaohongshu, Discord, Threads və digər platformalar daxildir ( https://de.wikipedia.org/wiki/Liste_der_gr%C3%B6%C3%9Ften_Social-Media-Plattformen ).

The Global Statistics” mərkəzinin məlumatına görə, 2025-ci ilin birinci yarısında sosial şəbəkə platformalarının aktiv istifadəçilərinin ( social media user identities) sayı 5 milyar 240 milyon nəfərə çatıb. Bu, ümumilikdə dünya əhalisinin 63.9%-ni əhatə edir ( https://www.theglobalstatistics.com/global-social-media-users-statistics/ ).

Nailiyyətlər, üstünlüklər

Dünyada ilk sosial şəbəkə platforması qismində SixDegrees.com qəbul olunur. Çünki o, özündən əvvəlki sosial platforma nümunələrinin hər birinə ayrı-ayrılıqda xas olan əsas funksiyaları ilk dəfə cəmləşdirib. Müasir sosial şəbəkə platformalarına məxsus olan funksiyaları (profil yaratmaq, dostluq əlaqələri qurmaq, mesajlaşmaq) birlikdə tətbiq edə bilib.

ABŞ mütəxəssisi Andrew Weinreich tərəfindən 1997-ci ildə yaradılan bu platforma istifadəçilərə ilk dəfə həm profil yaratmaq, həm dost siyahısını genişləndirib əlaqələr qurmaq, həm də operativ mesajlaşmaq imkanı verib. Düzdür, bu imkanlar başlanğıcda məhdud sayda olub. SixDegrees.com “6 dərəcə uzaqlıq” nəzəriyyəsinə əsaslanıb. Yəni hər bir istifadəçi 6 əlaqə vasitəsilə başqasına çata bilərdi. Buna rəğmən, SixDegrees.com-un yaranmasından (1997 ) keçən qısa müddət ərzində – cəmi 27 il müddətində – sosial şəbəkə platformaları həmin model əsasında sürətli inkişaf yolu keçə biliblər. Yüz illərlə tarixi olan ənənəvi media vasitələrini auditoriya baxımından geridə qoyaraq, üstün kommunikasiya vasitəsinə çevriliblər. Hazırda dünya əhalisinin 63.9%-i informaiyanı sosial şəbəkələr üzərindən alır və yayır.

“American Public University” öz hesabatında qeyd edir ki, indi sosial şəbəkələr insanların təkcə gündəlik ünsiyyət vasitəsi deyil. Onlar həm də iqtisadi, siyasi və mədəni təsir gücünə malik olan qlobal platformalara çevriliblər ( https://www.apu.apus.edu/area-of-study/business-and-management/resources/how-social-media-sites-affect-society/ ).

Universitet sosial şəbəkələrin əsas üstünlüklərini belə təsnifatlaşdırır:

  • Əlaqə və ünsiyyət imkanı – insanlar sosial şəbəkələrdən istifadə etməklə, dünyanın istənilən yerindən həmfikirlər, dostlar tapır, onlarla asan ünsiyyət yarada bilirlər.
  • Məlumat mübadiləsi – sosial şəbəkələr xəbərlərin, ideyaların, biliklərin sürətli yayılmasına xidmət edir.
  • Biznes və marketinq imkanları – sosial şəbəkələr şirkətlər üçün reklam, brend tanıtımı və müştəri ilə birbaşa əlaqə qurmaq imkanı yaradır.
  • Təhsil və öyrənmə – məkan və zaman məhdudiyyəti olmadan, müxtəlif qruplar, forumlar və kontent vasitəsilə sosial şəbəkələr üzərindən bilik mübadiləsi həyata keçirilir.
  • Sosiallaşma təşəbbüsləri – sosial media platformaları sosial aksiyalar, ictimai hərəkatlar və xeyriyyə təşəbbüslərinin geniş yayılmasına şərait yaradır.
  • Əyləncə və istirahət – sosial şəbəkələr musiqi, video, oyunlar və digər kontentlə asudə vaxtı daha maraqlı edirlər.

Sosial şəbəkələrin mənfi tərəfləri

platformalardan narazılığın əsas səbəbləri

İstifadəçi sayı 1 milyard nəfərə çatmış, auditoriyasına görə ilk onluğa daxil olan sosial şəbəkə platformalarının hamısı cəmi 4 şirkətin tərkibində birləşirlər və yalnız iki dövlətin hüquqi əhatəsində yerləşirlər.“Meta”, “Tesla” kimi “Texniki nəhənglər” Amerika Birləşmiş Ştatlarının, “Baidu”,“Xiaomi” isə Çinin təsir dairəsində görünürlər ( https://en.wikipedia.org/wiki/List_of_social_platforms_with_at_least_100_million_active_users ).

Analitik mərkəzlər qeyd edirlər ki, bu vəziyyət dünyanın digər ölkələrində rəqəmsal asılılıq, məlumat təhlükəsizliyi və ictimai rəyə təsir baxımından narahatlıq doğurur. “Meta” (Facebook, Instagram, WhatsApp), “Tesla” ( süni intellekt texnologiyası ilə birgə) ABŞ-nin texnoloji liderliyini gücləndirir. Çin şirkətləri – “Baidu” və “Xiaomi” öz daxili bazarlarını güclü nəzarətdə saxlamaqla yanaşı, həm Asiya regionu, həm də qlobal miqyasda təsir dairəsini genişləndirir. Bu durum dünya informasiya məkanını ikiqütblü rəqabət meydanına çevirir.

Sosial şəbəkə platformalarına sahib olmayan ölkələr üçün bu mənzərə ciddi narahatlıq doğurur. Belə ki:

  • Məlumat müstəqilliyi itir – milyonlarla vətəndaşın şəxsi məlumatı xarici dövlətlərin hüquqi və texnoloji təsiri altına düşür.
  • Rəqəmsal asılılıq artır – informasiya məkanında yerli alternativlərin zəifliyi digər ölkələri ABŞ və Çin şirkətlərindən asılı vəziyyətə salır.
  • Milli təhlükəsizlik riskləri yaranır – sosial şəbəkələr vasitəsilə ictimai rəyin formalaşdırılması, saxta xəbərlərin yayılması və kiberhücumlar təhlükə mənbəyinə çevrilir.

( https://bestdissertationwriter.com/monopoly-power-of-social-media/ ).

Məsələn, Rusiyanın rabitə tənzimləyicisi Roskomnadzor Facebook, X (Twitter), İnstagramı RF seqmentində süni məhdudlaşdırma yaratmaqda ittiham edir. Onlar isə deyirlər ki, əksinə, Rusiya özü sosial şəbəkələri bloklayır və sair ( https://www.bbc.com/news/technology-60533083 ).

Digər bir narazılıq vergitutma və iqtisadi ədalətsizliklə bağlıdır. Analitik materiallarda qeyd olunur ki, Meta, Google, TikTok kimi platformalar ayrı-ayrı ölkələrdən milyardlarla avro / dollar məbləğində gəlir əldə edirlər. Amma, məsələn, “Avropada jurnalistlər və media qurumları bu gəlirdən pay almırlar. Hansı ki, sosial şəbəkələr üzərindən paylaşılan informasiyaların böyük əksəriyyəti konkret media subyektlərinin, konkret jurnalistlərin əməyinin məhsuludur”. İqtisadi ədalətsizliklə yanaşı, Süni intellekt (AI) modelləri vasitəsilə müəlliflərin əsərlərindən icazəsiz istifadə olunur. Avropa Jurnalistlər Federasiyası sosial şəbəkələr və onların sahibi olan “texnoloji nəhənglər” üzərində “rəqəmsal vergi” mexanizmlərinin tətbiqini tələb edir.

Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, Avropada narazılıqların əsas səbəbi Big Tech-in iqtisadi üstünlüyü, AI şəffaflığının olmaması, müəllif hüquqlarının pozulması və rəqəmsal suverenlik risklərinin artmasıdır.

İnsanlarda bir sıra mənfi vərdişlər üzrə güclü asılılıq yarada bilməsi də sosial şəbəkələrin neqativ cəhətləri sırasında qeyd olunur. Bu baxımdan, “sosial şəbəkə istifadəçilərinin təhlükəsizliyi” anlamında yeni bir problemi ortaya çıxır. “Sosial şəbəkələrdə təhlükəsizlik problemi” mövzusu növbəti məqaləmizdə geniş şəkildə təqdim olunacaq.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.