Niderland şirkəti Azərbaycanda uçot dərəcəsi ilə bağlı proqnozunu verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 10-da keçiriləcək
iclasda uçot dərəcəsini 7 faiz civarında saxlayacağı
gözlənilir.

Trend bu barədə
Niderlandın ING şirkətinə istinadən xəbər verir.

Qeyd olunur ki, son iclasdan bəri inflyasiya artımı zəifləyərək
iyul ayının yekunlarına görə illik ifadədə 4,9 faizə düşüb ki, bu
da ilin sonu üçün müəyyən edilmiş 4±2 faiz hədəf diapazonuna
uyğundur. Bununla yanaşı, 2025-ci ilin 7 ayı üzrə ÜDM-in cəmi 0,9
faiz artımı, iyul ayında isə 2,3 faiz azalması, həmçinin istehsalçı
qiymətlərinin artım tempinin zəifləməsi nəzərə alınaraq uçot
dərəcəsinin daha da azaldılmasının müzakirə olunması ehtimalı da
istisna edilmir.




“Lakin ticarət profisitinin azalması və bank kreditləşməsinin
artım tempinin maliyyələşməni qabaqlamaqda davam etməsi daha yüksək
real faiz dərəcələrinin saxlanılmasının zəruriliyinə işarə vurur.
AMB-nin şərhlərinin isə, böyük ehtimalla, valyuta bazarındakı
axınlara yönələcəyi gözlənilir”,-deyə məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz
bəndi azaldılıb. Uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi
6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsində müəyyən edilib.

Bundan əlavə, qərar faktiki inflyasiyanın proqnozlaşdırılan
inflyasiya trayektoriyasına uyğunluğu və onun hədəf göstərici (4±2
faiz) ilə müqayisəsi, qlobal iqtisadi proseslər, daxili
makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik,
həmçinin pul-kredit siyasəti qərarlarının transmissiya mexanizmi
nəzərə alınaraq qəbul edilib.