Səhiyyə Nazirliyi: Valideyn və müəllimlərin dəstəyi uşağın məktəbi daha tez sevməsinə kömək edir

Baş səhifə

Bakı. Trend:

Birinci sinif təkcə yeni kitab-dəftərlər və gül dəstələri deyil.
Bu, uşağın psixikası üçün ciddi sınaqdır. Ona adaptasiyada necə
kömək etmək? Gələcək şagird hansı bacarıqlara yiyələnməli və
valideynlər hansı səhvlərdən qaçınmalıdır?

Trend Səhiyyə
Nazirliyinə istinadən xəbər verir ki, bu və digər suallara Səhiyyə
Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə
Dadaşova aydınlıq gətirib.

– İlahə xanım, uşaqlar birinci sinfə ən çox hansı
emosiyalarla – həyəcan və ya qorxu, yoxsa sevinc hissi ilə
gedirlər?

– İlk öncə qeyd etmək istərdim ki, bütün bu emosiyalar tamamilə
normaldır. Həyəcan yeni mühitə və sinif yoldaşları ilə tanışlığa
bağlıdır. Qorxu çox vaxt valideynlərdən ayrılma və çətinliklər
qarşısında narahatlıqdan qaynaqlanır. Sevinc isə öyrənməyə maraq,
dost qazanmaq istəyi və özünü “böyük” hiss etməkdən irəli
gəlir.
Valideyn və müəllimlərin dəstəyi uşağın bu qarışıq hisslərinin
balanslaşdırması və məktəbi daha tez sevməsinə kömək edir.

– Gələcək şagird üçün ən vacib sosial təcrübə
hansıdır?

– Psixoloji baxımından məktəbə getməzdən əvvəl uşağın müəyyən
sosial təcrübələrə sahib olması çox vacibdir. Onu üç əsas bloka
bölmək olar. İlk növbədə uşaq qrup daxilində ünsiyyət bacarıqları
qazanmalıdır. Bu, ya uşaq bağçasında, ya da müxtəlif oyun
qruplarında digər uşaqlarla oynamaq, oyuncaqlarla bölüşmək,
qaydalara əməl etmək kimi vərdişlərlə formalaşır.

İkinci mühüm təcrübə uşağın emosiyaların idarə etməsidir. Belə
ki, uşaq başqalarının hisslərini nəzərə almağı, növbəsini
gözləməyi, sözlərini kəsməməyi və münaqişələr zamanı aqressiv
reaksiya verməməyi öyrənməlidir. Bu normalar evdə qoyulan qaydalar
vasitəsilə asanlıqla aşılanır.

Üçüncü istiqamət isə sərbəstik bacarıqlarıdır. Uşağın öz
paltarını geyinməsi, çantasını hazırlaması və müəllimdən kömək
istəməyi bacarması məktəb həyatını daha rahat edir. Bu bacarıqlar
uşaqda özünə inamı artırır və məktəbə adaptasiya prosesini daha
sağlam edir.

– Uşaq yaşıdları ilə müqayisə edildikdə, onun
motivasiyası güclənir, yoxsa azalır?

– Əksər hallarda bu, istənilən nəticəni vermir, çünki
həmyaşıdları ilə müqayisə uşağın motivasiyasını və özünəinamını
aşağı salır. O, özünün qəbul edilmədiyini hiss edir və öyrənməyə və
ünsiyyətə marağını itirir. Bəzi uşaqlarda rəqabət hissi ola bilər,
lakin bu, istisnadır. Psixoloji cəhətdən düzgün yanaşma uşağı
yalnız özü ilə müqayisə etməkdir. Məsələn: “Keçən ay sən hecaları
çətinliklə oxuyurdun, indi isə tam sözləri oxuyursan!” Bu, öz
inkişafına fokuslanmağa və sağlam motivasiya formalaşdırmağa kömək
edir.

– Dərs zamanı diqqəti tez yayınan uşaqlara necə kömək
etmək olar?

– Dərs zamanı diqqəti tez yayınan uşaqlarla işləməyin ilk addımı
onların diqqət imkanlarının nəzərə alınmasıdır. Belə uşaqlar uzun
müddət eyni fəaliyyətə fokuslana bilmirlər.




Burada sistemli yanaşma lazımdır. Uşağın diqqət resursunu nəzərə
almaq vacibdir. Buna görə də, tapşırıqları daha kiçik hissələrə
bölmək, tez-tez qısa fasilələr vermək faydalıdır. Məsələn, onları
5-10 dəqiqəlik mərhələlərlə təqdim etmək uşaq üçün daha əlçatan
olur.

Bundan əlavə, interaktiv metodlardan istifadə uşaqların dərslərə
marağını artırır. Şəkillər, qısa videolar, rəngli kartlar və ya
qrup tapşırıqları kimi vasitələrdən istifadə etdikdə uşaq mövzuya
daha çox fokuslana bilir. Bu yanaşma həm dərsin monotonluğunu
azaldır, həm də uşağın marağını canlı saxlayır.

Digər mühüm istiqamət emosional mühit və motivasiyadır. Uşağı
daim tənqid etmək əvəzinə, kiçik nailiyyətlərini vurğulamaq onun
özünəinamını artırır.

Eyni zamanda, gündəlik rejimin qurulması tövsiyə olunur. Bu,
onun beynində “indi dərs vaxtıdır, indi isə oyun” kimi aydın
siqnallar yaradır və diqqəti toplamağı asanlaşdırır.

Qeyd etmək lazımdır ki, diqqət məşqləri və oyunlardan istifadə
etmək çox faydalıdır. Məsələn, “Fərqləri tap”, “tapmacalar və ya
qısa yaddaş oyunları uşağın diqqətini inkişaf etdirir.

– Valideynlərin yüksək gözləntiləri uşağa zərər verə
bilərmi?

– Bəli, verə bilər, çünki yüksək standartlara uyğunlaşmağa
çalışan uşaq “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi ilə
yaşayır. Bu, xroniki stres, qorxu və motivasiyanın itməsinə səbəb
olur. “Sən bunu bacarmalısan” təzyiqi əvəzinə “Sənin bacarığına
inanıram” uşağın həm psixoloji sağlamlığını qoruyur, həm də
motivasiyasını gücləndirir. Bu yanaşma uşağın psixikasını qoruyur
və onu həqiqətən də motivasiya edir.

– Ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlik
çəkən uşaqlara dəstək necə olmalıdır?

– Burada mərhələli öyrətmə prinsipi tətbiq olunur. Yəni, uşaqdan
birdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə ona
istiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq,
uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həm
məsuliyyət, həm də özünəinam hissini gücləndirir.

Paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır. Belə ki,
uşağın hər kiçik addımını belə dəyərləndirmək – “bu hissəni çox
yaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onu
təşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verir
və tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir.

Eyni zamanda, uşağa seçim hüququ verin: “Hansı fənndən
başlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onun
müstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişaf
etdirir.

Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səylərini
qiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldə
olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir