
Bakı. Trend:
Özəl turizm agentliyi qismində fəaliyyət göstərən “JOY TOUR” və
“JOY TRAVEL” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli
şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai rayon
prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.
Trend xəbər
verir ki, həmin müraciətlər əsasında aparılmış araşdırmalarla
müəssisənin təsisçisi İlyasov Rəşad İsgəndər oğlunun öz qulluq
mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif
xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və
aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən
artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul
vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluq
etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4
(dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və
308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə
cinayət işi başlanıb.
Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində
cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri
seçilib.
Hazırda ibtida istintaq çərçivəsində “JOY TOUR” və “JOY TRAVEL”
məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalar
nəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsul
şəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrin
maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditor
yoxlaması təyin edilməklə icrası Azərbaycan Respublikasının
Auditorlar Palatasına tapşırılıb və müvafiq yoxlamaların
nəticəsindən asılı olaraq baş vermiş cinayətin bütün
iştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təmin
olunacaq.
Bununla əlaqədar, təqsirləndirilən şəxsin qanunsuz əməllərinə
məruz qalmış vətəndaşlardan Bakı şəhəri Xətai rayon prokurorluğuna
müraciət etmələri xahiş olunur.

