
Bakı. Trend:
7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin
Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına
müsahibə verib.
Trend-in
məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və
Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün
Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq
müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə
dair suallarını cavablandırıb.
E.Əmirbəyov xatırladıb ki, 8 avqustda Vaşınqtonda Azərbaycanla
Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu,
iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm
irəliləyişdir:
“Bu mərhələdə söhbət yekun imzalanmadan yox, yalnız
paraflanmadan gedir. Belə ki, sülh sazişinin imzalanması və həyata
keçirilməsi üçün Ermənistan tərəfi hələ də konkret addımlar
atmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanın
suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi
iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə
davamlı sülhün bərqərar olunması üçün Ermənistanın əsas qanunu hər
iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişinin mətni və ruhu
ilə uyğunlaşdırılmalıdır”.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib ki,
bununla belə, sazişin paraflanması özü özlüyündə böyük irəliləyiş
sayılır.
“Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki
tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq
tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq,
ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini və səylərini yüksək
qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə,
Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha
əsaslanan yeni bir səhifə açıla bilər”, – deyə o qeyd edib.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.