ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

8 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov
Azərbaycana səfər edən ABŞ-nin biznes nümayəndə heyəti ilə
görüşüb.

Trend
xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görüş zamanı qonaqlara ADY-nin fəaliyyəti,
xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması
istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, ADY Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə
fəaliyyətini uğurla davam etdirir. Bakı–Tbilisi–Qars dəmiryol
xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1
milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və “Çin Dəmir
Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin
potensialının artırılmasına dair razılığın əldə olunması, Sian
Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü
20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin
“China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin
“Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması Orta
Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm
nailiyyətlərdir.




Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş
razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və
Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and
Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının
fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional
inteqrasiyaya təkan verəcək.

ADY sədri bildirib ki, görülən işlər, o cümlədən ABŞ-nin biznes
nümayəndə heyətinin ötən gün tanış olduğu Bakı Limanının ADY-yə
birləşdirilməsi, bununla da ADY-nin dəmir yolu, liman, terminal və
ekspeditorluq xidmətlərini özündə birləşdirən irimiqyaslı nəqliyyat
və logistika qrupuna çevrilməsi artıq müsbət nəticə verib. 2025-ci
ilin 8 ayında Azərbaycan Orta Dəhlizlə Çindən 265 blok-qatar qəbul
edib, halbuki ötən ilin analoji dövründə qəbul edilmiş qatarların
sayı 168 olub. Bakı Limanında isə həmin dövrdə 70 min TEU-ya yaxın
konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrü (47 157 TEU) ilə
müqayisədə 47 faiz çoxdur.

Qeyd edilib ki, ADY-nin prioritetləri emissiyaların azaldılması
və təmiz texnologiyaların istifadəsi üçün dekarbonizasiya, daha
təhlükəsiz, daha sürətli, daha səmərəli əməliyyatlar üçün smart
sistemlərdən istifadəyə hesablanmış rəqəmsallaşma və uzunmüddətli
inkişafı və ekoloji məsuliyyəti dəstəkləyən dayanıqlılıqdır.

ABŞ-nin biznes nümayəndə heyəti ADY-nin irimiqyaslı fəaliyyəti
barədə ətraflı məlumata görə təşəkkür edib, qurumun xüsusilə
beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda mühüm rol oynadığını və
qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir