
Bakı. Trend:
7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin
Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına
müsahibə verib.
Trend-in
məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və
Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün
Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq
müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə
dair suallarını cavablandırıb.
E.Əmirbəyov jurnalistin “Dünya getdikcə daha çox çalxalanır.
Üçüncü dünya müharibəsinin astanasında olduğumuzdan
qorxmursunuzmu?” sualını belə cavablandırıb:
“Narahatlığınız başa düşüləndir və çoxları da eyni qorxunu
yaşayır. Doğrudur ki, dünya yüksək gərginlik dövrünü yaşayır.
Bununla belə, qorxuya boyun əyməkdənsə, dialoqu, çoxtərəfliliyi və
qabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqat
artırmalıyıq. Tarix bizə öyrədib ki, böyük böhranlar həm də
əməkdaşlıq tərzimizə yenidən baxmağımız üçün fürsətə çevrilə bilər.
Buna görə də, eskalasiyanın qarşısını almaq və sülhü qorumaq üçün
müdrik, ehtiyatlı və qətiyyətlə hərəkət etmək bizim kollektiv
məsuliyyətimizdir.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.