İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır

Baş səhifə

Bakı. Trend:

“Formula 1” üzrə dünya çempionatı Avropa mövsümünü tarixi
İtaliya Qran-prisi ilə başa vurdu. Yarış 75-ci dəfə keçirildi və
həm gərgin mübarizə, həm də yeni rekordlarla yadda qaldı.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, həftəsonuna “Ferrari”
və “McLaren” sürücüləri ümidverici start verdilər. Cümə və şənbə
günlərində Lyuis Hemilton, Lando Norris və Şarl Lekler ön sıralarda
mübarizə apararaq azarkeşləri həyəcanlandırdılar. Ancaq sıralanma
turunda Maks Ferstappen tarixin ən sürətli dövrəsinə imza ataraq
“pole” mövqeyini qazandı və Lyuis Hemiltonun 2020-ci ildəki
rekordunu qırdı. Lando Norris ikinci, Oskar Piastri isə üçüncü
nəticə göstərdi.

Bazar günü keçirilən yarışda startdakı kiçik səhvindən sonra
Ferstappen tez toparlandı və yenidən liderliyi ələ keçirdi. 38-ci
dövrədə pit-stopdan sonra o, sürətini maksimuma çatdıraraq
rəqiblərinə şans vermədi. Ferstappen mövsümdə 3-cü, karyerasında
isə 66-cı qələbəsini qazanmaqla yanaşı, “Red Bull” komandasına
tarixində 125-ci qələbəni gətirdi. Bundan əlavə, niderlandlı pilot
2003-cü ildən Mixael Şumaxerə məxsus olan ən sürətli Monza yarışı
rekordunu da yenilədi.




Podiumun digər pillələri “McLaren” sürücülərinə qismət oldu –
ikinci olan Lando Norris son dövrədə ən sürətli nəticəyə imza
ataraq Ferstappenin het-trikinə imkan vermədi, Oskar Piastri isə
3-cü yeri tutaraq komandasına möhtəşəm dubl qazandırdı. “Ferrari”
azarkeşləri isə böyük ümidlərlə gözlədikləri yarışda yalnız 4-cü
(Şarl Lekler) və 6-cı (Lyuis Hemilton) yerlərlə kifayətləndilər.
İlk onluğu Corc Rasl (“Mercedes”), Aleks Elbon (“Williams”),
Qabriel Bortoleto (“Sauber”), Kimi Antonelli və Ayzek Həcər
tamamladılar.

Ümumi sıralamada vəziyyət belədir: Oskar Piastri 324 xalla
liderliyini qoruyur. Onu 293 xalla komanda yoldaşı Lando Norris və
230 xalla Maks Ferstappen izləyirlər. “McLaren” 617 xalla
Mühəndislər Kubokunda açıq-aşkar liderdir və artıq Bakıda titulunu
vaxtından əvvəl təmin edə bilər.

Beləliklə, Avropa mərhələsi başa çatdı və mövsümün ən həlledici
mərhələlərindən biri – Azərbaycan Qran-prisi yaxınlaşır. Bütün
dünyanın gözü indi Bakıya çevrilib: “Formula 1”in saatı artıq Bakı
vaxtı ilə işləyir.