İsrail səfiri Azərbaycanda yəhudi icmasının ənənələrinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib

Baş səhifə

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
sentyabrın 8-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan
ilə İsrail arasında mövcud dostluq münasibətlərinin önəminə
toxunulub, xüsusilə dini və mədəniyyətlərarası dialoq sahəsində
əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Komitə sədri
İsrailin yeni səfirini ölkəmizdəki diplomatik fəaliyyəti
münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Ramin Məmmədov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlərə və dini
dözümlülüyə əsaslanan siyasət həyata keçirildiyini bildirib.
Müxtəlif dinlərə mənsub icmaların sülh və qarşılıqlı hörmət
şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Ronen Krausz ölkəmizdə yəhudi icmasının ənənələrinə
göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

O, Azərbaycanda mövcud olan dini tolerantlıq mühitini yüksək
qiymətləndirib və bu sahədə təcrübə mübadiləsinin vacibliyini qeyd
edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq imkanları
müzakirə edilib.